Sadıq Sadıqov: Bu, biabırçılıqdır!
11.05.2010 - 17:15
Sadıq Sadıqov: Bu, biabırçılıqdır!
“Altılıq” oyunları göz qabağında oldu. Komandanın prezidenti kimi deyə bilərəm ki, “Neftçi” sabit oyun göstərmir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.

Ardıcıl ikinci il avrokuboklardan kənarda qalan “ağ-qaralar” bu gün 6 legionerlə yollarını ayırmaq haqda çıxardığı qərarla diqqət mərkəzinə düşdü. Sadıqov flaqmana rəhbərlik etdiyi 4 ayda futbolçulara, xüsusilə legionerlərin hamısına özlərini göstərmək üçün şans verdiklərini söyləyib: “Ancaq onlar bunu edə bilmədilər, nəsə alınmadı. Ardıcıl iki il avrokuboklara düşməməyimiz doğrudan da biabırçılıqdır. Məqsədimiz heyəti gələn mövsüm üçün yenidən formalaşdırmaq və “xalq komandası” adını qaytarmaqdır. Həm çempionluq, həm də kubok uğrunda layiqli yer tutmaq üçün mübarizə aparacağıq. Komandanı mövsümün ortasında götürdüyüm zaman imkanlarım məhdud idi. Bəzi məsələləri həll etmək üçün vaxt lazım idi. Qərara aldıq ki, köhnə kadrlardan istifadə edək. Bu da alınmadı. Komandanı gəncləşdirmək yönündə işlərimizi aparacağıq. Allahın köməyi ilə “Neftçi”yə layiqli futbolçular gətirib, öz sözümüzü deyəcəyik”.

Sadıqov sözlərinə görə, “Neftçi”də futbolçuların heç bir maddi problemi olmayıb: “Bunu özlərindən də soruşa bilərsiniz. Nəinki maddi, digər problemlərinin olmasına imkan vermirdim. Legionerlərimizin hərdən ailə problemləri ortaya çıxırdı və klub rəhbərliyi kimi onlara kömək edirdik. İstəyirdik ki, fikirləri yalnız futbolda olsun”.

Klub prezidenti Marian Aliuta ilə Adrean Neaqanın böyük potensiallarının olması ilə razılaşır: “Mənim onlarla dəfələrlə görüşüm olub. Demək olar ki, bütün günü onlarla bir yerdə olurdum və hər görüşdə deyirdim ki, yeganə probleminiz oynamaq, öz sözünüzü deməkdir. Onlar şans verilsə də, bundan istifadə edə bilmədilər. Oynamaq istəmədilər. Oynamaq istəməyən futbolçu bu gün “Neftçi”yə lazım deyil. “Qəbələ” də daxil olmaqla, son oyunlarımızda legionerlər komandaya kömək edə bilmədilər. Onlar həm “Neftçi”yə, həm də öz adlarına layiq oyun oynamadılar. Hamı bunu deyirdi, onlar iki ildir “Neftçi”dədir, komandaya belə kömək ediblər. Ancaq fakt odur ki, onlar avrokuboklarda düşə bilməyən “Neftçi”yə heç bir kömək etmədilər, bunu istəmədədirlər də. Maaşlardan tutmuş bütün məsələləri vaxtı-vaxtında həmən həll olunub. Legionerə də şans bir-iki oyunda verilir, daha beş ay yox. Ancaq mən beş ay bunlara şans verdim ki, çıxın öz sözünüzü deyin. “Altılıq”da yaxşı şans oldu və hətta çempionluq uğrunda oynaya bilərdik. Yəqin ki, legionerlərimin potensialı bu imiş”.

Çıxarılanlar arasında oln türkiyəli futbolçu Suat Usta saytımıza açıqlamasında fikirlərini yalnız “Neftçi”nin prezidenti ilə söhbətindən sonra dəyəcəyini dəfələrlə tərk edib. Hətta Suta müqavilənin uzatmağından da söz açıb. Elə Sadıqov üçün də bizlərin böyük təəccübünə səbəb olan bu açıqlama qaranlıq alıb: “Mən Suat Ustanın dediklərini başa düşmürəm. Bunu ancaq anormal insan deyə bilər. Əgər baş məşqçi qərar veribsə, yəqin ki, mənimlə da razılığı olub. Gəlin səmimi danışaq. Suat mənimlə görüşüb nəyi dəyişə bilər ki? Axı bu, necə ola bilər? Ola bilsin ki, bəlkə onun fikri başqa şeydir. Mən qərarımı vermişəmsə, istəyir yüz Suat Usta kimi futbolçu olsun, bunu dəyişən deyiləm. Bundan sonra elə oyun göstərsin, özünü dahi bir futbolçuya bənzətmiş kimi oynasa da, Suat mənə lazım deyil. Mən bu sözümü demişəm. Ustanın mənimlə görüşüb nə qazanacağını deyə bilmərəm. Ancaq mənim fikrim qətidir. Baş məşqçi Arif Əsədov bu gün komandanı yığaraq, fikrimi komandaya çatdırıb. “Neftçi” tam formalaşacaq və gələn mövsümdə yeni heyətlə öz sözünü deyəcək”.