Azərbaycan çempionunun rəqibləri iyulun 6-da bəlli olacaq
14.05.2010 - 12:07
Azərbaycan çempionunun rəqibləri iyulun 6-da bəlli olacaq
2010/11 mövsümündə futzal üzrə UEFA kubokunun hansı formatda keçiriləcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, startı avqustda veriləcək yarışın sxemində dəyişiklik edilməyəcək. Turnir son illərdə olduğu kimi yenə ilkin seçmə, əsas mərhələləri, elit-raundu və “Dördlər finalı”ndan ibarət olacaq. İlk iki raundun püşkatma mərasimi iyulun 6-da keçiriləcək. Azərbaycanı bu yarışda sonuncu ölkə çempionu, eyni zamanda UEFA kubokunun bürünc medalçısı “Araz” təmsil edəcək.

Komandaların mübarizəyə hansı mərhələdən başlayacağı onların son 3 mövsümdə göstərdiyi nəticələrin reytinqi əsasında müəyyənləşəcək. İlkin seçmə mərhələ iştirakçı komandaların sayından asılı olaraq, avqustun 14-dən 22-dək keçiriləcək. Yalnız qrup qalibləri əsas mərhələyə vəsiqə qazanacaq.

Burada 24 komanda hər birində 4 iştirakçı olmaq şərti ilə 6 qrupda mübarizə aparacaq. Əsas mərhələnin oyunları sentyabrın 25-dən oktyabrın 3-dək baş tutacaq. Hər qrupdan ilk iki pilləni tutmuş komanda elit-raunda yüksələcək. Burada 16 komanda 4 qrupda yarışacaq. Oyunlar noyabrın 20-dən 28-dək keçiriləcək. Qaliblər “Dördlər finalı”na vəsiqə qazanacaq. Bu mərhələnin oyunları “Dördlər finalı”na vəsiqə qazanacaq komandalardan birinin təmsil etdiyi ölkədə aprelin 30-da və ya mayın 1-də start götürəcək.