Robertas Poşkus: Bombardir adını qazansaydım, lap əla olardı
17.05.2010 - 12:54
Robertas Poşkus: Bombardir adını qazansaydım, lap əla olardı
“Bildiyiniz kimi, çempionluq yolunda taleyimiz öz əlimizdə deyildi. Biz “Qəbələ”ni məğlub etməklə yanaşı, “Xəzər-Lənkəran”ın və “Qarabağ”ın xal itirməsini gözləməli idik. Ancaq hadisələr bizim istədiyimiz kimi cərəyan etdi. Həm də çempion olacağımıza inamım böyük idi. Başqa cür də fikirləşə bilməzdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun hücumçusu Robertas Poşkus deyib.

“Qəbələ” ilə matçda het-trikini rəsmiləşdirən litvalı hücumçu bununla da “İnter”in tarixində ikinci çempionluğunu bayram etməsinə kömək edib. 31 yaşı hücumçu eyni zamanda, mövsümdə vurduğu 12 qolla bombardirlər yarışında Anatoli Doroşla birlikdə 2-ci 3-cü yerləri bölüşdürüb. Ancaq o, bombardir olmadığına görə təəssüflənmir: “Mənim üçün komandamın nailiyyət qazanması daha vacibdir. Düzdür, bombardir adını qazansaydım, lap əla olardı. Ancaq biz bütün gücümüzü “İnter”in çempion olmasına yönəltdik. Sonda buna nail olduğumuza görə şadam. Etiraf edim ki, ağır mövsüm keçirdik. Qızıl medal qazandığımıza görə çox şadam”.