Emin Quliyev: Üzümüzə qapı açılsa, biz də sözümüzü deyəcəyik
17.05.2010 - 23:10
Emin Quliyev: Üzümüzə qapı açılsa, biz də sözümüzü deyəcəyik
“Karvan”dan ayrıldıqdan sonra fərdi məşqlər edirəm. Hansısa klubun düşərgəsində olmamışam. Ancaq uşaqlarla hazırlaşıram. Çalışıram ki, formamı saxlayım” Bu sözləri apasport.az saytına Emin Quliyev deyib.

Başa çatan çempionatın ikinci dövrəsini “Karvan”da keçirən, ancaq tez-tez zədələndiyi və qırmızı vərəqə ilə cəzalandırıldığı üçün komandadan ayrılan yarımmüdafiəçi hazırda klubsuzdur. İndi o, yeni mövsümdə formasını geyinəcəyi klubun kimliyini müəyyənləşdirməlidir. Lakin hələlik onun xidmətində maraqlı olan klub yoxdur: “Sözün düzü, hansı kluba keçəcəyimi bilmirəm. Çünki təklif yoxdur. Ancaq istənilən halda, karyeramı davam etdirəcəyəm. Butsları mıxdan asmaq tezdir. Oynamaq istəyirəm. İnşallah, üzümüzə qapı açılsa, biz də sözümüzü deyəcəyik. Bu dəfə meydanda əvvəlki Emini görəcəksiniz”.

Qeyd edək ki, Quliyev “Kəpəz”, “Neftçi”, “Xəzər-Lənkəran”, eyni zamanda yığma komandamızın formasını geyinib. O, bir müddət Bolqarıstanın “Çerno More” klubunun şərəfini qoruyub.