AFFA Ağasəlim Mircavadovu yenə cəzalandırdı
18.05.2010 - 12:16
AFFA Ağasəlim Mircavadovu yenə cəzalandırdı
AFFA “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadovu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Nizam-İntizam Komitəsinin bu gün keçirilən iclasında çıxarılan qərara əsasən, təcrübəli mütəxəssis Unibank Premyer Liqasının son turunda “Bakı” ilə matçda mətbuat konfransına qatılmadığı üçün 1000 manat cərimələnib.

Həmin görüşün 30-cu dəqiqəsində azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün “Xəzər-Lənkəran” 2000 manat cərimələnib. “Bakı” 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimə ödəməli olacaq. “Karvan”la səfər oyununda rəqibini vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan çıxarılan “Turan”ın futbolçusu Hafiz Əliyev 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimələnib.

Qeyd edək ki, mətbuat konfransında Mircavadovu əvəzləyən köməkçisi Tofiq Mustafayev baş məşqçinin səhhətində problem yarandığına görə gəlmədiyini bildirmişdi. NİK “Xəzər-Lənkəran”ın təcrübəli çalışdırıcısı cari mövsümdə ikinci dəfə cəzalandırıb. Ancaq “Neftçi” ilə ev oyununda intizamsız hərəkətlər edən Mircavadova həmin vaxt ağır cəza – 4 oyunluq cəza və 4000 manat cərimə kəsilmişdi.