“Neftçi”nin sabiq baş məşqçisi Rusiyadan dəvət aldı
19.05.2010 - 09:13
“Neftçi”nin sabiq baş məşqçisi Rusiyadan dəvət aldı
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko Rusiyaya səfər edəcək. Apasport.az saytının məlumatına görə, 51 yaşlı ukraynalı mütəxəssis uzun illər komanda yoldaşı olduğu həmyerlisi İqor Belanov, habelə Moskva “Spartak”ı və Rusiya yığmasında oynamış tanınmış futbolçular Yeqor Titov və Dmitri Aleyniçevlə birgə Kazan şəhərində meydana çıxacaqlar.

Onlar III beynəlxalq “Dostluq kuboku” turniri çərçivəsində qala-matçda iştirak edəcəklər. Turnirə MDB və Baltikyanı ölkələrin və Rusiyanın bir sıra regionlarının icra və qanunverici hakimiyyət orqanlarının kollektivləri qatılacaqlar.

“Dostluq kuboku”nun prezidenti Tamerlan Kuriyev turnirin bütün iştirakçıları üçün maksimal yaxşı şərait yaratmağa çalışdıqlarını bildirib: “Axı Kazan öz qonaqpərvərliyi və idman infrastrukturu ilə tanınır. Onu qeyd etmək lazımdır ki, bütün komandaların nümayəndələri xeyriyyə aksiyalarında iştirak edəcək”.