Georgi Nikolov: Poşkus istəyirsə, “İnter”dən ayrıla bilər
19.05.2010 - 10:18
Georgi Nikolov: Poşkus istəyirsə, “İnter”dən ayrıla bilər
Bakının “İnter” klubu ən məhsuldar futbolçusunu itirib. Litvalı hücumçu Robertas Poşkus Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək komandada çıxışını başa vurmaq fikrinə düşüb. Bu barədə apasport.az saytına komandanın prezidenti Georgi Nikolov məlumat verib. Onun sözlərinə görə, yeni müqavilə təklif etdikləri Poşkusdan hələlik müsbət cavab ala bilməyiblər: “Biz ona yeni müqavilə təklif etmişik. Ancaq Robertas vətəninə dönməzdən öncə təklifimizə nə “hə”, nə də “yox” dedi. Əgər Poşkus qalıb, bizə kömək etmək istəyirsə, onunla müqaviləni uzatmağa hazırıq. Heç kimi komandada zorla saxlamaq fikrimiz yoxdur. Bir sözlə, istəyirsə, komandamızdan gedə bilər”.

Ötən yay “İnter”ə gələn 31 yaşlı Poşkus Unibank Premyer Liqasında vurduğu 12 qolla bombardirlər yarışında qalib olan milli komandamızın hücumçusu Fərid Quliyevdən (16 qol) geri qaldı. Uzun illər Rusiyada “Zenit”, Moskva “Dinamo”su, “Krılya Sovetov” klubunda oynayan Pobertas daha çox süni meydançada oynadığından köhnə zədələrdən əziyyət çəkirdi. Robertas çempion olduğu oyun öncəsi milli komandanın gələn həftə Ukrayna yığması ilə səfərdə keçirəcəyi yoldaşlıq görüşünə dəvət aldı.

Qeyd edək ki, “İnter” çempion olduqdan dərhal sonra 10 futbolçu ilə yollarını ayırdı.

Mehman SÜLEYMANOV