“Xəzər-Lənkəran”ın stadionu: Bizim “Vestfalenştadion”
19.05.2010 - 12:53
“Xəzər-Lənkəran”ın stadionu: Bizim “Vestfalenştadion”
2009/10 mövsümündə Avropanın ən çox sevilən klublarının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sı ev oyunlarında ən çox tamaşaçı toplayan komanda olub.

Tarixi boyu bu göstərici ilə öyünən Almaniya təmsilçisinin hər qarşılaşmasını orta hesabla 77284 seyrçi izləyib. Komandalarının Bundesliqada 5-ci olmasına baxmayaraq, dortmundlular ötən il dünyanın ən yaxşı futbol arenası seçilən “Vestfalenştadion”u boş qoymur. Yeni adı “Siqnal İduna Park” olsa da, əvvəlki adı ilə tanınan arenanın ümumi tutumu 81264 nəfərdir.

Ən çox tamaşaçı tutan klubların siyahısında ikinci yeri “Barselona” tutur - 76828. Digər məşhur klublar “Mançester Yunayted” (74,839) və “Real” (74,622) sonrakı yerlərdə qərarlaşıb.

Qeyd edək ki, Unibank Premyer Liqasının bu göstəricidəki çempionu “Xəzər-Lənkəran”dır. Lənkəran şəhər mərkəzi stadionunda baş tutan 16 qarşılaşmanı 138440 tamaşaçı izləyib. Bu isə orta göstəricisi 8652-yə bərabər olan təmsilçimizin “Borussiya”dan təxminən 9 qat geri qalması deməkdir.