Elxan Məmmədov: Sumqayıt futbol şəhəridir
20.05.2010 - 10:22
Elxan Məmmədov: Sumqayıt futbol şəhəridir
“Tədbirdə bizə dəstək olduqlarına görə Sumqayıt şəhər İcra Hakimiyyətinə və “Azərkimya” İstehsalat Birliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Sumqayıtda təşkil olunan “Top festivalı”nda iştirak edən futbol funksioneri tədbirin faydasını vurğulayıb: “Bu il mayın 19-u UEFA tərəfindən «Kütləvi Futbol Günü» kimi qeyd olunur. Əlbəttə, belə bir gündə Sumqayıtda bu festivalın keçirilməsi təqdirəlayiq haldır. Buradakı marağı və həyəcanı gördükdən sonra bir daha əmin olduq ki, Sumqayıt futbol şəhəridir. Ümidvaram ki, bu cür yarışların keçirilməsi Azərbaycan futbolunun inkişafına xüsusi təkan verəcək”.

Məmmədov müsabiqənin qaliblərinin əldə edəcəyi güzəştlərin olduğunu da qeyd edib: “Top Festivalı”nın qalibini xüsusi hədiyyələr gözləyir. Qalib AFFA-nın qeydiyyat proqramında olmaqla yanaşı, bizim tədbirlərdə mütəmadi olaraq iştirak edəcək. Festivalı keçirməkdə əsas məqsədimiz futbolun kütləviliyini və sağlam həyat tərzini təbliğ etməkdir. Qız iştirakçıların olması isə bizi daha çox sevindirir”.

Mənbə: affa.az