AFFA “Bakı” və “Xəzər-Lənkəran”ı sərt cəzalandırdı
25.05.2010 - 12:32
AFFA “Bakı” və “Xəzər-Lənkəran”ı sərt cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, iclasın gündəliyində duran əsas məsələ Azərbaycan kubokunun “Bakı” və “Xəzər-Lənkəran” arasında keçirilən final matçında baş verənlər olub. İştirakçıları ağır cəzalandıran komitə onlara ümumilikdə 13 min manat cərimə kəsib.

Kubokun qalibi olan “Bakı” 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000, nümayəndələri Akif Özakyol və İbrahim Cəfərov oyunun 101-ci dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə 4000, bir dəqiqə sonra rəqibini təhqir edərək qırmızı vərəqə alan Saşa Yunisoğluna görə 2000 manat ödəməli olacaq. Bundan başqa, Özakyolla Cəfərov 1, Yunisoğlu 2 oyunluq cəzaya məruz qalıb.

Oyundan sonra komandaların təltifetmə mərasimində iştirak etməkdən imtina etməklə rəqibə, azarkeşlərə, həmçinin AFFA və PFL-ə qarşı qeyri-etik hərəkət, hörmətsizlik edən “Xəzər-Lənkəran” 5000 manat cərimələnib. Komandanın baş məşqçisi Ağasəlim Mircavadov oyundan sonra mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 manat da ziyana düşüb.

Qeyd edək ki, cari mövsümdə komitənin 3 dəfə cəzasına məruz qalan Mircavadov “Bakı” ilə son iki oyunda mətbuat konfransına qatılmadığına görə klubunu xərcə salır.

Mənbə: affa.az