Xaqani Məmmədov: “Xəzər-Lənkəran”a iki əlli dönərəm
25.05.2010 - 14:32
Xaqani Məmmədov: “Xəzər-Lənkəran”a iki əlli dönərəm
“İrandan konkret “Traktorsazi” klubundan təklif almışıq. Oradakı menecer qardaşımla birgə keçidimə vasitəçilik etməyə hazırdır. Ancaq hələ son qərarımızı verməmişik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Xaqani Məmmədov deyib.

Son üç ildə “İnter”də çıxış edən, ölkə çempionu, bombardir olan 34 yaşlı hücumçu ötən mövsümün ikinci dövrəsini icarə əsasında Yevlaxın “Karvan” klubunda keçirdi. Artıq “İnter”lə də yollarını ayıran Məmmədov yenidən İranda oynamaq variantını reallaşdırmağa tələsmir: “Bildiyiniz kimi, qardaşımla birgə “Maşinsazi” klubunda oynamışıq. İndi isə Təbrizin digər təmsilçisi olan “Traktorsazi” bizi heyətində görmək istəyir. Əslində bizi orada təkcə Təbriz yox, Tehran komandaları da yaxşı tanıyır. Mütəmadi əlaqə saxladığım İrandakı menecerə hələ qəti fikrimizi deməmişəm. Ondan vaxt istəmişəm. Çünki burada oynamaq istəyirəm. İrana ən son variant kimi baxıram. Öz klublarımızdan birinə keçmək baş tutmazsa, bu ölkəyə gedəcəyəm”.

“Xəzər-Lənkəran” yarandığı ilk iki ildə (2004-06) onun şərəfini qoruyan Xaqani kiçik qardaşından xeyli tez gedəsi olub. İrandan Lənkəran təmsilçisinə keçən Məmmədov qardaşları “Karvan”da icarə əsasında birgə oynayıblar: “Yenidən qardaşımla bir komandada oynasam, lap əla olardı. Əlbəttə, “Xəzər-Lənkəran”a qayıtmaq istərdim. Ora dönməyə iki əlli razıyam. “Xəzər-Lənkəran”ın rəhbərliyi ilə həmişə münasibətlərim yaxşı olub. Onlar mənim necə futbolçu, necə insan olduğunu yaxşı bilirlər. Rəhbərliklə heç vaxt problemim olmayıb. Ancaq “Xəzər-Lənkəran”dan, ümumiyyətlə, heç bir klubdan konkret təklif almamışam, hər hansı danışığım da olmayıb”.

Hücumçu “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadovla münasibətlərinə belə aydınlıq gətirib: “Ağasəlim müəllim 2006-cı ilin yayında yeni gələn zamanı məni, Füzulini və Zaur Ramazanovu komandadan kənarlaşdırdı. Sonradan Zaurla qardaşımı geri qaytarsa da, məni istəmədi. Nəticədə həmin vaxt “Olimpik”ə keçdim. Ağasəlim müəllimin bu dəfə məni komandada görmək istəməsi haqda bir şey deyə bilmərəm. Ancaq mən bunu istərdim. Mircavadov kimi təcrübəli mütəxəssisin rəhbərliyi altında oynamağım doğrudan da yaxşı olardı”.

Qeyd edək ki, 33 yaşlı Füzuli 2004-09-cu illərdə çıxış etdiyi “Xəzər-Lənkəran”ın tarixində ən çox oyun keçirən futbolçulardandır.

Mehman SÜLEYMANOV