Arzuolunmaz Moldova yığması: Qurban Qurbanovun davamçısı kim olacaq?
25.05.2010 - 16:23
Arzuolunmaz Moldova yığması: Qurban Qurbanovun davamçısı kim olacaq?
Azərbaycan milli komandasının sabah Avstriyada yoldaşlıq görüşü keçirəcəyi Moldova yığmasını arzuolunmaz rəqib saymaq olar. Apasport.az saytının məlumatına görə, milli komandamız 18 illik tarixində moldovalılarla 7 görüşünün yalnız 1-də qalib gəlib. Bu, 12 il öncə Tofiq Bəhramov adına Respublika stadionunda öncə baş verib. Qalan 6 oyundan yarısında rəqib qalib gəlib, yarısı heç-heçə bitib. Özü də maraqlıdır ki, həmin görüşlərin hamısı qolsuz bərabərliklə nəticələnib. Azərbaycanla Moldova indiyə kimi bir qayda olaraq öz paytaxtlarında görüşüb. Yığmalar ilk dəfə neytral meydanda, Avstriyanın Zeekirhen şəhərində üzləşəcək.

Moldovalılarla yalnız bir dəfə seçmə mərhələdə eyni qrupa düşdüyümüzdən, əsasən oyunlar yoldaşlıq görüşü xarakteri daşıyıb. Həmin iki rəsmi oyunda isə nəinki qələbə qazanmış, heç rəqibin qapısına yol tapa da bilməmişik. Xüsusilə Bakıda oyun bizim üçün böyük uğursuzluqla nəticələnib. Belə ki, yığmamız oyunun böyük hissəsini iki futbolçusu qırmızı vərəqə alaraq qovulduğuna görə 9 nəfərlə keçirən rəqibin müqavimətini qıra bilməyib. Düzdür, oyunun sonunda hücumçumuz Fərrux İsmayılov da qırmızı vərəqəyə görə meydanı tərk edib.

Qeyd edək ki, qeyri-məhsuldar keçən Azərbaycan - Moldova oyunlarında qapılara cəmi 9 qol vurulub. Bunun 6-sı rəqibin, 3-ü bizim hesabımızdadır. Moldova yığmasına qol vuran oyunçularımızın hamısı – Samir Ələkbərov, Yunis Hüseynov və Qurban Qurbanov artıq futbolçu karyeralarını başa vuraraq, məşqçiliklə məşğuldurlar. Moldova yığmasına sonuncu qolu 6 il öncə Qurbanovun simasında vurmuşuq. Sonrakı iki görüş qolsuz heç-heçə bitdiyindən, elə rəqib də bundan sonra qapımıza yol tapa bilməyib. Moldova yığması millimiz üzərində sonuncu qələbəni indi də onun sıralarında olan təcrübəli hücumçu Sergey Dadu etdiyi dublla qazandırıb.

Azərbaycan və Moldova yığmalarının görüşləri

1994-cü il

2 sentyabr. Kişinyov. Yoldaşlıq görüşü. Moldova – Azərbaycan - 2:1
Qol: Samir Ələkbərov
Baş məşqçi: Ağasəlim Mircavadov

1997-ci il
22 mart. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Moldova - 1:0
Qol: Yunis Hüseynov
Baş məqşçi: Vaqif Sadıqov

2001-ci il
24 mart. Bakı. DÇ-2002-nin seçmə mərhələ oyunu. Azərbaycan – Moldova - 0:0
Baş məşqçi: İqor Ponomaryov

1 sentyabr. Kişinyov. DÇ-2002-nin seçmə mərhələ oyunu. Moldova – Azərbaycan - 2:0
Baş məşqçi: İqor Ponomaryov

2004-cü il
31 mart. Kişinyov. Yoldaşlıq görüşü. Moldova – Azərbaycan - 2:1
Qol: Qurban Qurbanov
Baş məşqçi: Karlos Alberto Torres

2005-ci il
9 fevral. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Moldova - 0:0
Baş məşqçi: Karlos Alberto Torres

2006-cı il
18 may. Kişinyov. Yoldaşlıq görüşü. Moldova – Azərbaycan - 0:0
Baş məşqçi: Şahin Diniyev

Mehman SÜLEYMANOV