Qurban Qurbanovun komandası yenə gerilədi: bu dəfə 18 pillə
01.06.2010 - 09:49
Qurban Qurbanovun komandası yenə gerilədi: bu dəfə 18 pillə
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, İtaliyanın “İnter” klubu İspaniya “Barselona”sına çatmaqla zirvəyə şərik olub. Buna apeninlilərin Çempionlar Liqasını qazanmaqla xal hesabını 297-yə çatdırması səbəb olub. Üçüncü pillədə qərarlaşan Argentinanın “Estudianntes” klubu liderlərdən 11 xal geri qalır.

İFFHS-ın siyahısında yeganə Azərbaycan təmsilçisi “Qarabağ” bu dəfə də geriləyib. Son aylar durmadan mövqeyini əldən verən Ağdam təmsilçisi 70,5 xalla ötən aykı 278-ci yerini də itirib. Hazırda Qurban Qurbanovun yetirmələri planetin 296-cı komandasıdır. Daha doğrusu, bu yerə şərik olan 5 komandadan biridir. Onların şərikləri arasında ötən il Avropa Liqasında məğlub etdikləri “Honka” (Finlandiya), həmçinin “İnter”lə qarşılaşmalarından tanıdığımız “Rabotniçki” (Makedoniya) də var.

Qeyd edək ki, yığmamızın bombardirləri sırasında yer alan Vaqif Cavadov və Branimir Subaşiçin komandaları da siyahıda yer alıb. Cavadovu əvəzedici komandaya yollayan Hollandiyanın “Tvente” klubu dünyada 37-ci, Branimiri yalnız yoldaşlıq oyunlarında sınayan Serbiyanın “Srvena Zvezda” klubu isə 106-cı pillədədir.