Avstriya yürüşündə son sınaq: Yığmamız mundial iştirakçısını niyə peşman etməlidir?
01.06.2010 - 14:31
Avstriya yürüşündə son sınaq: Yığmamız mundial iştirakçısını niyə peşman etməlidir?
Azərbaycan milli komandasının Avstriya turnesi sabah başa çatır. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız bu ölkədə 10 günlük təlim-məşq toplanışını Honduras yığması ilə yoldaşlıq görüşü ilə bitirəcək.

Buna qədər Moldova ilə heç-heçə edən (1:1), Makedoniyaya uduzan (1:3) komandamızın ən ciddi sınağının sabah olacağını desək, yanılmarıq. Ən azı ona görə ki, Honduras yığması DÇ-2010-un iştirakçısıdır və cəmi 10 gün sonra CAR-da mötəbər turnirdə mübarizəyə başlayacaq. Yığmalarının FİFA-nın reytinqində mövqelərində xeyli fərq var. Belə ki, Honduras 38-ci olduğu halda, Azərbaycan 109-dur. Ancaq bu, qüvvələr nisbətində böyük fərqin olmasına əsas verməməlidir. Hər halda, mundial iştirakçısı elə Avstriyada Belarus yığmasına yoldaşlıq görüşündə qalib gələ bilmədi (2:2), hətta məğlubiyyətdən xilas oldu.

Milli komandamızın ilk dəfə görüşəcəyi Hondurasla yalnız Allan Lalin bağlayır. Belə ki, ötən yaydan “Xəzər-Lənkəran” klubunun şərəfini qoruyan hücumçu ölkəmizdə çıxış edən ilk və hələ ki yeganə honduraslıdır. Azərbaycana gələnədək yığmasına çağırılan Lalin DÇ-2010-a getməyi çox arzulasa da, bu gerçəkləşmədi. İndi yığmamız Hondurasla görüşdə nəticə qazanmaqla rəqibin baş məşqçisi Reynaldo Ruedanı Allanı götürmədiyinə görə peşman edə bilər. Hər halda, honduraslılar bizə qalib gəlməsə, deməli, Lalin heç də onların düşündüyü kimi zəif futbolçuların çıxış etdiyi çempionatın iştirakçısı deyil.

Yığmamız 18 illik tarixində okeanın o tayından yalnız bir rəqiblə üzləşib. Bu, braziliyalı Karlos Alberto Torres millimizin baş məşqçisi olduğu dövründə olub. Həmin vaxt, yəni 2005-ci ilin yanvarında komandanı Trinidad və Tobaqoya aparan Torres bu ölkənin yığması ilə ardıcıl iki yoldaşlıq görüşünə çıxardı. Yığmamız bundan bir il sonra DÇ-2006-nın iştirakçısı olan rəqibinə əvvəl 0:1, sonra 0:2 hesabı ilə uduzdu. Ümumiyyətlə, milli komandanız 3-cü dəfədir yoldaşlıq görüşü keçirdiyi yığmanı böyük turnirə yola salır. Belə ki, 2004-cü ildə elə Torresin çalışdırdığı yığmamız Riqada 2:2 hesablı bərabərliyə qaldığı Latviyanı AÇ-2004-ə göndərdi. Ötən yay isə Bakıya gələn son Avropa çempionu İspaniya Foqtsun komandasını darmadağın etdikdən (6:0) sonra CAR-a Konfederasiyalar Kubokuna yollandı. Hər üç oyunun iyunda keçirilməsi diqqəti çəkən məqamdır.

Foqtsun son oyunda heyətdə dəyişiklər edəcəyi şübhə doğurmur. Hər halda, Avstriyaya aparılan heyətdə meydana çıxmayanlar var. Bunlar qapıçılar Fərhad Vəliyev, Səlahət Ağayev, müdafiəçilər Saşa Yunisoğlu, Ruslan Əmircanov, yarımmüdafiəçi Arif Daşdəmirov, hücumçular Vaqif Cavadovla Vüqar Nadirovdur. Bunlar nə Moldova, nə də Makedoniya ilə görüşdə oynayıb. Yığmamızın liderlərindən sayılan, uzun müddətdir zədədən əziyyət çəkən Cavadovun bu il yığmada ilk oyununu sabah keçirəcəyi gözlənilir.

Qeyd edək ki, yenə Bakı vaxtilə saat 21:30-da start götürəcək yığmamızın oyunu ANS kanalı ilə canlı yayımlayacaq. Hondurasla görüş Sel-am-Zi şəhər stadionunda keçiriləcək. Təxminən 10 min əhaliyə malik kurort şəhərciyi dəniz səviyyəsindən 750 m hündürlükdədir. Şəhər Zeller gölünün yaxınlığında qərarlaşıb.

Mehman SÜLEYMANOV