Maksim Medvedev: Foqts ona görə üstümə qışqırdı ki...
01.06.2010 - 17:54
Maksim Medvedev: Foqts ona görə üstümə qışqırdı ki...
“Makedoniya yığması ilə oyunda mövqe səhvinə yol verməyim təcrübəsizliklə bağlıdır. Təcrübəm çatmır. Mən bu epizod haqda çox fikirləşdim. Bunu heç cür ağlımdan çıxara bilmirdim”. Bu fikirləri apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinə açıqlamasında Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev deyib.

Gənc müdafiəçi ötən yay Ağdamın “Qarabağ” klubunun heyətində Avroliqada üç mərhələdə çıxış etməklə böyük təcrübə topladı. Bununla belə, Maksimin fikrincə, futbol səhvsiz olmur: “Avropa futboluna baxıb görürsən ki, 30 yaşlı oyunçu necə səhv edir. Sadəcə, irəliyə baxıb səhvləri təkrarlamamaq lazımdır. Foqts əvvəlcə üstümə qışqırdı. Çünki meydanda hərəkətlərimdən narazı idi. Sonradan oyunum düzəldi və onun tapşırıqlarını yerinə yetirmək alınmayanda özümə çox acıqlanırdım. Foqts sonda yaxınlaşaraq dedi ki, hər şey normaldır, istədiyin zamanı bunu edirsən”.

Futbolçuya uğursuz oyundan sonra yaxşı çıxış etmək nə qədər çətin olsa da, Honduras yığması ilə sabahkı görüşlə bağlı nikbindir: “Ümumilikdə götürdükdə, hesab etmirəm ki, makedoniyalılarla görüşdə lap pis təsir bağışladım. Komandaya kömək etməyə çalışırdım. Səhvləri isə unutmaq lazımdır. Mənim gələcəyim qabaqdadır. İndi hər şey haqda düşünsəm, onda yaxşısı futbolla qurtarmaqdır”.