Berti Foqts Hondurasla oyuna fərqli əsas heyət çıxaracaq
02.06.2010 - 13:57
Berti Foqts Hondurasla oyuna fərqli əsas heyət çıxaracaq
Azərbaycan millisinin bu gün Honduras yığması ilə Avstriyada keçirəcəyi yoldaşlıq görüşündə əsas heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, start heyətində bir sıra dəyişikliklər edən yığmamızın baş məşqçisi Berti Foqts əsas qapıçımız Kamran Ağayevi ehtiyata göndərib. İlk iki oyunda “çərçivə”ni qoruyan Kamranı “Qarabağ”dan olan həmkarı Fərhad Vəliyev əvəzləyəcək.

Müdafiənin cinahları dəyişməz qalır. Yəni solda Elnur Allahverdiyev, sağda “Qarabağ”da birgə oynadığı Maksim Medvedev yer alacaq. Müdafiənin mərkəzində Rəşad Sadıqovla Ruslan Abışov duet təşkil edəcək. Onlar Avstriyadakı təlim-məşq toplanışında ilk dəfə birgə mərkəz müdafiəçisi funksiyasını yerinə yetirəcəklər. Belə ki, Ruslan Moldova, Rəşad Makedoniya ilə oyunda adət etmədiyi dayaq yarımmüdafiəçisi mövqeyində oynayıb. Həmin görüşlərdə müdafiənin mərkəzində oynayan Vladimir Levin bu dəfə əsas heyətdən kənarda qalıb.

Dayaq yarımmüdafiəçisi mövqeyində əsas dəyişiklik Samir Abbasovun start heyətinə qayıdışı ilə bağlıdır. “İnter”in kapitanı ilk iki görüşdə sonradan meydana çıxmışdı. Samir “İnter”də komanda yoldaşı olan Aleksandr Çertoqanovla birgə müdafiəyə meylli yarımmüdafiəçi kimi çıxış edəcək. Keçən oyunda yığmamızda debüt edən Amit Quluzadə yenə əsas heyətdə meydana çıxacaq və yarımmüdafiənin sol cinahında yer alacaq. Həmin mövqe ilk iki oyunda Rauf Əliyevə tapşırılmışdı. Rauf bu dəfə tək hücumçu oynayacaq. Yarımmüdafiənin sağ cinahı yenə Mahir Şükürova tapşırılıb. Avstriyada vurduğumuz hər iki qolun müəllifi olan Elvin Məmmədov bir oyunluq fasilədən sonra əsas heyətə qayıdır və oyun qurucusu kimi çıxış edəcək.

Qeyd edək ki, ötən çempionatımızın bombardiri olan hücumçu Fərid Quliyev topuq nahiyəsindən aldığı zədəyə görə bu gün meydana çıxmayacaq. Qrupdan ayrı çalışan Fərid ilk məşqini yalnız dünən keçirib. Uzun müddətdir zədədən əziyyət çəkən, komanda ilə yenicə birgə məşq edən hücumçu Vaqif Cavadovun da oynayacağı gözlənilmir.

Mənbə: extratime.az