“İnter” klubunun iki futbolçusu “Qarabağ”a keçir
02.06.2010 - 17:51
“İnter” klubunun iki futbolçusu “Qarabağ”a keçir
Ağdamın "Qarabağ" klubu Unibank Premyer Liqasının son qalibi "İnter"in iki futbolçusunu transfer etmək üzrədir. Apasport.az saytının məlumatına görə, "Qarabağ" yarımmüdafiəçilər Samir Abbasov və Andres Rubinslə danışıqları yekunlaşdırır.

Samir və Rubins çempion "İnter"in əsas fiqurları sayılıblar. Hər iki oyunçu həm çempionat, həm də kubok matçlarında mütəmadi çıxış ediblər. Təqribən 1 həftədən sonra bu iki oyunçu ilə rəsmi müqavilə bağlanılacaq.

"Qarabağ" Samir Abbasov üçün tanış komandadır. Belə ki, milli komandamızın 32 yaşlı üzvü "İnter"ə məhz 2007-ci ildə “Qarabağ” klubundan transfer olunub. O, “Qarabağ” və “İnter”lə yanaşı, "Şahdağ" (Samur), "Neftçi" (Bakı), "Viləş" (Masallı), "Karvan" (Yevlax) klublarının formasını geyinib.

Yarımmüdafiənin sol cinahında mübarizə aparan Rubinsin də 32 yaşı var. O, 2008-ci ildən formasını geyindiyi “İnter”in heyətində 50-ə yaxın oyunda meydançaya çıxıb. Azərbaycana gəlməzdən öncə "Şinnik" (Rusiya), "Spartak" (Moskva) kimi tanınmış klubların heyətində yer alıb.

Rubins Latviya millisində 1998-ci ildə debüt edib. O, millisinin heyətində ümumilikdə 107 oyunda meydançaya çıxıb və 9 dəfə fərqlənib.