“Olimpik-Şüvəlan” milli komandamıza qol vuran futbolçuya təklif göndərib
02.06.2010 - 23:34
“Olimpik-Şüvəlan” milli komandamıza qol vuran futbolçuya təklif göndərib
Bakının “Olimpik-Şüvəlan” klubu Moldova yığmasının daha bir futbolçusunu transfer etmək istəyir. Klubun prezidenti Vaqif Qasımov apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinə açıqlamasında milli komandamızla yoldaşlıq görüşündə cərimə zərbəsindən gözəl qola imza atan Andrey Kojokaru ilə maraqlandıqlarını bildirib.

“Təyyarəçilər” Moldovanın “MOİK-Rapid” klubunda oynayan yarımmüdafiəçini heyətində görmək istəyir. Qasımovun sözlərinə görə, təklif göndərdikləri Andrey bunu müsbət cavablayıb və danışıqların davam edərək, keçidin yaxın günlərdə baş tutması mümkündür.

Qasımov Moldova yığmasının hücumçusu, “Xəzər-Lənkəran”ın mövsüm bitəndən sonra vidalaşdığı Denis Kalinkovun transferinin yekunlaşmaq üzrə olduğunu da söyləyib.

Qeyd edək ki, Kalinkov Azərbaycan – Moldova oyununun fasiləsində Kojokaru ilə əvəzlənmişdi. Andrey oyunun son 10 dəqiqəsində vurduğu baxımlı qolla yığmamızı qələbədən məhrum etdi (1:1).