Ələkbər Məmmədovdan Berti Foqtsadək: Bir həftəlik oyunlar kimə düşmür?
04.06.2010 - 11:16
Ələkbər Məmmədovdan Berti Foqtsadək: Bir həftəlik oyunlar kimə düşmür?
Azərbaycan yığması ardıcıl ikinci ildir bir həftəyə üç oyun keçirdi. Apasport.az saytının hesablamalarına görə, millimizin almaniyalı baş məşqçisi Berti Foqts qısa müddətdə keçirilən bu görüşlərdə heç cür qələbə qazana bilmir. Əslində, bu iki ardıcıl oyunları müqayisə etsək, yaxşılığa doğru dəyişiklər var. Çünki ötən il bir həftəyə keçirdiyi oyunları nəinki uduzan, heç qol da vura bilməyən Foqtsun komandası 10 top buraxmışdı. Xüsusilə, İspaniya yığmasının Cənubi Afrika Respublikasında keçirilən Konfederasiyalar Kuboku öncəsi yolüstü Bakıya gəlib, yığmamızı darmadağın etməsi uzun müddət yaddaşlardan silinmədi.

Bu dəfə isə oyunlar eyni məkanda – Avstriyada keçirildi və cəmi bir məğlubiyyət aldıq. DÇ-2010-un iştirakçısı olan Honduras yığması hətta 10 nəfərlə qalan millimizə qalib gələ bilmədi. Foqts nəhayət, ardıcıl oyunlarda Elvin Məmmədovun timsalında vurulan qollara sevindi. Bu dəfə isə 10 yox, 4 top buraxdıq. Yenə iyunun 2-də keçirilən oyunlar qırmızı vərəqə baxımından Foqtsa düşmədi. Rəşad Sadıqov Türkiyə, Saşa Yunisoğlu Hondurasla görüşdə ikinci hissəsində yığmamızı azlıqda qoydu.

Millimiz 18 illik tarixində bir həftəyə ardıcıl üç oyun keçirməsi daha çox beynəlxalq turnirlərdə olub. İlk belə sınaq 1993-cü ilin iyununda İranda olub ki, həmin vaxt komandamız Tehranda ardıcıl üç gün meydana çıxmalı olub. Özü də Ələkbər Məmmədovun baş məşqçisi olduğu yığmamız belə gərgin qrafikdə heç bir oyunda uduzmayıb ki, bu da ən yaxşı göstəricidir. Bundan 7 il sonra Əsgər Abdullayevin çalışdırdığı yığmamız Maltada keçirilən beynəlxalq turnirdə iki görüşdə uduzmuş, yalnız zəif Andorra ilə görüşdə qolsuz heç-heçə ilə kifayətlənib.

2007-ci ildə isə Şahin Diniyev yığmanı Qazaxıstana aparmış və Çimkənddə keçirilən “Alma TV” turnirinin iştirakçısı olub. Orada üç görüşün hamısında 1:0 hesabı qeydə alınıb. Fərq ondadır ki, bunlardan ikisində biz, birində rəqib qələbəyə sevinib.

Belə sıx qrafikdə oyunlar ilk növbədə futbolçuların fiziki hazırlığı, dözümlülüyünün yoxlanılması ilə bağlı vacibdir. Nəticəyə gəlincə, yoldaşlıq görüşü olsa belə, Foqts hələ ki ardıcıl bir həftəlik tsikldə qələbəyə həsrətdir.

Milli komandamızın bir həftədə keçirdiyi ardıcıl üç oyunlar

1993-cü il

6 iyun. Tehran. Beynəlxalq turnir. Azərbaycan – Tacikistan - 2:0
7 iyun. Tehran. Beynəlxalq turnir. Azərbaycan – Qırğızıstan - 3:2
8 iyun. Tehran. Beynəlxalq turnir. Azərbaycan – Qazaxıstan (U-21) - 3:3
Baş məşqçi: Ələkbər Məmmədov

2000-ci il
6 fevral. Ta’Qali. Beynəlxalq turnir. Malta – Azərbaycan - 3:0
8 fevral. Ta’Qali. Beynəlxalq turnir. Albaniya – Azərbaycan - 1:0
10 fevral. La-Valleta. Beynəlxalq turnir. Andorra – Azərbaycan - 0:0
Baş məşqçi: Əsgər Abdullayev

2007-ci il
7 mart. Çimkənd. Beynəlxalq turnir. Özbəkistan – Azərbaycan - 0:1
9 mart. Çimkənd. Beynəlxalq turnir. Qazaxıstan – Azərbaycan - 1:0
11 mart. Çimkənd. Beynəlxalq turnir. Azərbaycan – Qırğızıstan - 1:0
Baş məşqçi: Şahin Diniyev

2009-cu il
2 iyun. Kayseri. Yoldaşlıq görüşü. Türkiyə - Azərbaycan - 2:0
6 iyun. Bakı. DÇ-2010-un seçmə mərhələ oyunu. Azərbaycan - Uels - 0:1
9 iyun. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan - İspaniya - 0:6
Baş məşqçi: Beti Foqts

2010-cu il
26 may. Yoldaşlıq görüşü. Zeekirhen. Moldova - Azərbaycan - 1:1
29 may. Yoldaşlıq görüşü. Bişofshofen. Makedoniya - Azərbaycan - 3:1
2 iyun. Yoldaşlıq görüşü. Zell am See. Honduras - Azərbaycan - 0:0
Baş məşqçi: Berti Foqts

Mehman SÜLEYMANOV