Azərbaycanlı futbolçu “Qızıl top”un sahiblərindən güclü çıxdı
04.06.2010 - 15:00
Azərbaycanlı futbolçu “Qızıl top”un sahiblərindən güclü çıxdı
“Castrol İndex” idman təşkilatı SSRİ yığmasının ən güclü heyətini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 1966-2006-cı illərdə dünya çempionatlarının videoyazılarını izləyən ekspertlər Bakının “Neftçi” klubunun üzvü olmuş iki veteran futbolçunu da fərqləndirib.

Bunlar həmyerlimiz Anatoli Banişevski ilə ukraynalı Anatoli Demyanenkodur. Bütün iştirakçıların texniki-taktiki hərəkətlərini qiymətləndirən, verdikləri balla əsasən simvolik komandanı müəyyənləşdirən ekspertlərin fikrincə, Anatoli Banişevski (8,87 bal, 1966) SSRİ-də ən yaxşı iki hücumçudan biri olub. Digər hücumçu kimi, İngiltərədə keçirilən DÇ-1966-da Banişevskinin ön xətdə tərəfdaşı olan tanınmış belaruslu mütəxəssis Eduard Malofeyev (8,98 bal) göstərilib.

2008-ci ildə 9 ay “Neftçi”nin baş məşqçisi olmuş Demyanenko (8,49 bal, 1982) ən yaxşı müdafiəçilər arasında yer alıb. SSRİ-nin simvolik yığmasına qapıçı Anzor Kavazaşvili (9,36 bal, 1970), müdafiəçilər Vladimir Ponomaryov (8,52 bal, 1966), Albert Şesternyov (8,95 bal, 1970), Aleksandr Çivadze (8,35 bal, 1982), yarımmüdafiəçilər İqor Çislenko (8,24 bal, 1966), Valeri Voronin (8,19, 1966), Vladimir Muntyan (8,48, 1970), Qalimcan Xusainov (8,19, 1966) yer alıb.

Çoxlarını təəccübləndirən odur ki, ayrı-ayrı illərdə Avropanın ən yaxşı futbolçuları seçilən qapıçı Lev Yaşin, hücumçular Oleq Bloxin, İqor Belanov Sovet futbolunun əfsanələri sayılsa da, onlara “11-lik”də yer tapılmayıb. Göründüyü kimi, Banişevski “Qızıl top”un sahibləri olan ukraynalılar Bloxin və Belanovdan güclü hücumçu sayılıb.

Qeyd edək ki, futbolçu karyerasını yalnız “Neftçi” ilə bağlayan Banişesvki SSRİ yığmasının heyətində 1966-cı ildə dünya çempionatında 4-cü yeri tutub, bundan 6 il sonra Avropa çempionatının gümüş medalını qazanıb.