“Andrey Rubini mən də “Qarabağ”da görmək istəyirəm”
04.06.2010 - 15:06
“Andrey Rubini mən də “Qarabağ”da görmək istəyirəm”
“Komandamız bütün mövqelərdə rəqabət artırmaq üçün transferlər etmək istəyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

38 yaşlı mütəxəssis yay transferləri ilə bağlı planlarını klubun rəsmi internet saytına açıqlama verib: “Bizim yerli oyunçulara üstünlük verdiyimiz məlumdur. Əgər istədiyimiz oyunçuları alsaq, legioner transfer etməyə ehtiyac qalmayacaq. Əks halda, əcnəbilərin xidmətindən yararlanmalı olacağıq. Təbii ki, bu siyahımız da məlumdur”.

Qurbanov “Qarabağ” rəhbərliyinin “İnter”də çıxış edən Latviya yığmasının futbolçusu Andrey Rubinə maraq göstərməsinə də münasibət bildirib: “Etiraf etmək lazımdır ki, Rubin səviyyəli oyunçudur. Latviyalını Azərbaycanda istənilən məşqçi öz komandasında görmək istəyər. Elə mən də. Amma ilk öncə sıralarımızda görmək istədiyimiz yerlilərlə maraqlanacağıq. Rubinlə ilkin olaraq maraqlanmışıq. Amma məsələ transfer söhbətinə qədər irəliləməyib. İnşallah, “Qarabağ”a uyğun olan futbolçuları transfer etməyə çalışacağıq”.