“Ola bilsin ki, Toni Adams onunla danışıq aparsın” – MÜSAHİBƏ
07.06.2010 - 14:27
“Ola bilsin ki, Toni Adams onunla danışıq aparsın” – MÜSAHİBƏ
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

- Komanda təlim-məşq toplanışına nə vaxt start verəcək?
- İyulun 1-də komanda bir araya gələcək. Təbii ki, hazırlığımızı Qəbələdə reallaşdıracağıq. Hazırlıq 3 mərhələdən ibarət olacaq.

- Hazırlığın bütün mərhələsini Qəbələdə reallaşdıracaqsınız, yoxsa ölkə xaricinə çıxmağı düşünürsünüz?
- Birinci və ikinci mərhələ Qəbələdə baş tutacaq. Üçüncü mərhələdə yoldaşlıq oyunları keçirməyi düşünürük. Ona görə də iyunun sonuncu dekadasını Bakıda və ya qonşu ölkələrdən birində keçirə bilərik. Bu haqda baş məşqçi qərar verəcək.

- Bir qədər konkretləşdirsək, komandanın Türkiyəyə getmək ehtimalı varmı?
- Sözün düzü, 1-2 dəfə Türkiyədə toplanış keçirmişik. Oradakı şərait məni qane etməyib. Xüsusilə də sparrinq-rəqiblər çox zəif olur. Ona görə də, getməyi düşünmürük. Həm də şəraitləri də bir qədər qəlizləşdiriblər. Ancaq indidən qəti nəsə demək olmaz.

- Onda böyük ehtimalla Bakıya gələcəksiniz?
- Ola bilsin, yoldaşlıq oyunları keçirmək üçün yaxın ölkələrdən komandalar dəvət edək.

- Hansı ölkələrdən?
- Gürcüstandan və İrandan.

- Onların yol və qalmaq xərcini klubunuz ödəyəcək?
- Bu danışıqlardan asılıdır. Bəlkə də 50-nin 50-yə oldu.

- Transfer çalışmalarını barədə nə deyə bilərsiniz?
- Hələ keçidini dəqiqləşdirdiyimiz oyunçu yoxdur. Ancaq bu istiqamətdə çalışmalarımız davam edir.

- Britaniya mətbuatında şotlandiyalı Derek Riordanın transferi üçün 500 min avro xərcləyəcəyiniz barədə yazı dərc olub. Bu doğrudurmu?
- Məbləğdə yanlışlığa yol verilib. Bu heç də belə deyil. Onunla danışıq apardığımızı istisna etmirəm. Çünki baş məşqçi Toni Adams hazırda vətənində istirahət edir. Ola bilsin, həmin oyunçu ilə danışıq aparsın. Ancaq qiyməti heç də mətbuatda dərc edildiyi qədər deyil.

- Toni Adams ölkəmizə nə vaxt dönəcək?
- İyunun 25-i və ya 26-da.

- Bəs əvəzedici komandanın baş məşqçisi postunda dəyişiklik ediləcəkmi?
- Baş məşqçinin əvəzedici komanda ilə bağlı xüsusi planı var. Adams bu komandaya fərqli yanaşır. O, komandanın şəraitinin yaxşılaşdırılmasını istəyib. Ola bilsin, Əli Abışov postunda qalsın ya başqası baş məşqçi təyin edilsin. Ancaq əvəzedici komandaya Toni Adamsın köməkçilərindən biri nəzarət edəcək.