“Neftçi” A seriyasında oynayan futbolçunun transferini rəsmiləşdirdi
16.06.2010 - 14:12
“Neftçi” A seriyasında oynayan futbolçunun transferini rəsmiləşdirdi
Bakının “Neftçi” klubu mövsümlərarası fasilədə ikinci transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Makedoniya yığmasının yarımmüdafiəçisi Slavko Georgievskinin ardından braziliyalı müdafiəçi Denis Silvanın keçidini rəsmiləşdirib.

Son yarım ildə Braziliyanın A seriyası təmsilçisi “Qremio Prudente” komandasının formasını geyən 25 yaşlı arxa xətt oyunçusu ölkəmizdə “Xəzər-Lənkəran”da çıxışı ilə tanınıb.

"Neftçi"nin prezidenti Sadıq Sadıqov klubun inzibati binasında müqavilə imzalayan Denisə 3 nömrəli formanı təqdim edib: “Yeni mövsümdə Azərbaycanın ən köklü komandası olan "Neftçi"nin Premyer Liqada yalnız bir hədəfi var-çempionluq. Denis Silvanın bu hədəfə çatmaq üçün bizə faydalı olacağına inanırıq”.

Silva da transferi ilə bağlı fikirlərini bildirib: "Son mövsümü Braziliya çempionatında iştirak etmişəm. Vətənimi Azərbaycanın ən öndə gələn klubu olan "Neftçi" üçün tərk etdim. Mən meydana çıxdığım bütün görüşlərdə var gücümlə mübarizə aparıram. "Neftçi" kimi iddialı kluba transfer olunduğum üçün çox sevinirəm".