“Həmin hissləri yaşadıqca müəyyən təsəlli tapıram”
19.06.2010 - 23:03
“Həmin hissləri yaşadıqca müəyyən təsəlli tapıram”
Azərbaycan yığmasının sabiq futbolçusu Kamal Quliyevin apasport.az saytına müsahibəsi

- Futbol oynamaqdan yorulmamısınız?
- Xeyr, futbol oynamaqdan yorulmaq olmaz. Düzdür, gənc olanda bu haqda düşünmürsən. Lakin karyeranın sonlarına yaxınlaşdıqca, futbol oynaya bilməyəcəyini fikirləşirsən. Bütün ömrünü həsr etdiyin peşənlə vidalaşmalı olursan. Çox təəssüf ki, hər sahədə belədir. Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var. Arxaya dönüb baxanda, deyə bilərəm ki, sözün həqiqi mənasında futbol oynamışam. Ölkə futboluna xeyrim dəyib, Azərbaycanın adını onun hüdudlarından kənarda layiqincə təmsil etmişəm. Təbii ki, həmin hissləri yaşadıqca müəyyən qədər təsəlli tapıram.

- Müsahibəmiz daha çox qeyri-futbolla bağlı olacaq. Futbolçu üçün qeyri-futbolla bağlı suallara cavab vermək çətindirmi?
- Niyə ki? Futbol oynadığım dövrlərdə dəfələrlə müsahibə vermişəm. Məndən tək oyunumla bağlı deyil, məşqçi və komanda yoldaşlarım haqqında da soruşublar. Heç vaxt hansısa suala cavab verməkdən çəkinməmişəm.

- Xasiyyətcə mülayim insansınız?
- Bəli, meydanda aqressiv oluram. Amma meydandan kənarda mülayim insanam.

- Bu amil sizə problem yaratmır?
- Şəxsi həyatımda yaradır. Ürəyimin yumşaqlığı hardasa başıma bəladır.

- Sizin bu xasiyyətinizdən istifadə edənlər olurmu?
- Olur. Hərdən hansısa bir insanla yaxın ünsiyyət qurursan, ürəyini ona açırsan. Sonradan görürsən ki, bundan istifadə edirlər. Buna görə də məyus olursan və sirrini verdiyinə görə peşman olursan. Bir sözlə, sənə qarşı namərdlik edənlər də olur. Bəzi qardaşlar, dostlar da yol polisləri ilə münasibətimizin yaxşı olmasından istifadə edirlər. Onlar da sağ olsunlar. Hərdən məşqə gecikəndə qayda pozuntusuna yol verirəm, bir söz demirlər. Polislər arasında da futbol azarkeşləri kifayət qədərdir. Hörmətimizi saxlayırlar.

- Oğlunuzun rəqsə getdiyini bilirik. Özünüzün rəqs etməklə aranız necədir?
- Lap yaxşı. Oğlum futbola gedir. Ağamusa Bağırov məsləhət gördü ki, uşaq həm futbola, həm də rəqsə getsin. Çünki rəqs uşaqda çevikliyi artırır. Pəncənin rahat hərəkət etməsinə, əzələlərin hamısının inkişafına kömək edir.

- Toyda necə, rəqs edirsinizmi?
- Rəqs məktəbinə getməsəm də, görmüşəm, götürmüşəm. Oynamaqla aram yaxşıdır. Təki həmişə toy, büsat olsun.

- Adətən hansı musiqini sifariş verirsiniz?
- Bir qədər keçmişlə bağlı insanam. İlk sifariş verdiyim rəqs havası “Heyvagülü” olur.

- Milli musiqimizə münasibətiniz necədir?
- Muğamın xəstəsiyəm. Ən çox sevdiyim muğam ifaçısı Alim Qasımovdur. Bir hadisə danışım. Ukraynada oynayan vaxt Alim Qasımovun Heydər Əliyev adına sarayda konserti var idi. Məşqçimizə yalan danışdım və ailəmizdə problem olduğunu deyib 3 günlük icazə alıb, Bakıya gəldim. Atamla onun konsertini sarayda izlədim. Sonra yenidən Ukraynaya qayıtdım.

- Deməli, yalan danışmağı da bacarırsınız?
- İnsan gərək işində düzgün olsun. Amma hərdən elə məqam alınır ki, yalan danışmaq məcburiyyətində qalırsan. Gərək buna da yol verməyəsən.

- Azarkeşlərlə nə vaxtsa problem yaşamısınızmı?
- Bu cəhətdən özümü xoşbəxt hiss edirəm. Nəyim olmasa da, meydanda döyüşmüşəm, sona qədər mübarizə aparmışam. Ustalıq səviyyəmizə görə rəqiblərdən geri qalsaq da, əzmkarlıq hesabına nəsə etməyə çalışmışıq. Buna görə də heç vaxt kənardan söyülməmişəm. Əksinə, azarkeşlərin qayğısını hiss etmişəm. Telefonun hər zaman onların üzünə açıq olub. Tez-tez mənimlə əlaqə saxlayıblar.

- Deyirlər, futbol yaxşı təhsil almağa mane olur. Doğrudanmı belədir?
- Beyin yorulduqda, insanın oxuduğu heç vaxt yaddaşında qala bilməz. Futbolçu da tez-tez təlim-məşq toplanışına yığışır. Gündə bəzən 3 dəfə məşq edir. Belə olan halda, yorğun olur. Gərək yaxşı dincələsən. Ona görə də mane olur. Ancaq bu heç kimə bəraət qazandırmır. İdmançı da savadlı olmalıdır. Boş vaxtlarında kitab oxuya bilər. Ən azından danışıq qabiliyyəti olmalıdır. Futbolçu dostlarım inciməsin, bəziləri Azərbaycan dilində danışarkən, rus sözlərindən istifadə edirlər. Bunun özü savadsızlığın göstəricisidir.

- Sizin dövrün gəncləri ilə indikiləri müqayisə edə bilərsinizmi?
- Bizim dövrdə fərqli idi. İnsanlar bir-birinə qayğı və mehriban yaxınlaşırdılar. İndikilər televiziya ekranlarında hər cür hadisələri izləyir. Sonrada biri özünü dünya ulduzlarına bənzədir, geyimini onlara oxşadır. Danışan da özü-özünün paxırını açırdı. İndi hamı bir-birini aldatmağa çalışır.

- Unudulmaqdan qorxmursunuz?
- Allaha şükür, həmişə KİV nümayəndələri ilə münasibətim normal olub. Bəzi futbolçular uduzanda telefona cavab vermirlər. Mən zəif oynadığım vaxt bunu boynuma almışam. Jurnalistlərə təşəkkür edirəm. Onlar daim diqqətdə saxlayırlar. Harasa gedəndə tanıyanlar bizə hörmək edirlər. Ola bilsin, təzə nəsil yetişdikcə, unudulaq.

- Bir övlad kimi valideynlərinizin qarşısında borcunuzu yerinə yetirmisinizmi?
- Çalışmışam. Təbii ki, valideynin borcundan çıxmaq mümkün deyil. Ancaq hərəkətlərimlə, özüm haqqında formalaşdırdığım fikirlə onları sevindirməyə çalışmışam.

- Valideyn olduğunuz üçün bu sualı verirəm. Bizdə oğlan övladını daha çox xoşlayırlar. Niyə?
- Çünki oğlan nəslin davamçısıdır. Qız isə köçəri quşdur. Əvvəl-axır başqa ailəyə gedəcək. Ancaq oğlan, qız fərqi yoxdur, hər ikisi istəməlidir. Allah olmayanlara qismət eləsin.

- Sizin üçün də belədirmi?
- Hamısı mənim üçün əzizdir.

- Bir vətəndaş kimi necə, ictimai işlərdə fəalsınızmı? Məsələn, seçkilərdə iştirak edirsinizmi?
- Bəli, bu yaxınlarda keçirilən bələdiyyə seçkilərində iştirak etmişəm və öz namizədimə səs vermişəm. Prezident seçkilərində də yaxından iştirak edirəm. Yəni belə işlərdə fəalam.

- Namizədi özünüz seçirsiniz, yoxsa məsləhət görürlər?
- Özüm seçirəm. Hələ ki, bu sahədə yanılmamışam.

- Futbolçu olduğuna görə, peşman deyilsiniz?
- Xeyr, ikinci dəfə dünyaya gəlsəydim, yenə futbolçu olardım.