“Neftçi”nin qapıçısı kubok qazandı
21.06.2010 - 09:35
“Neftçi”nin qapıçısı kubok qazandı
Litvada təşkil olunan ənənəvi “Baltika kuboku”na yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirin sonuncu oyununda Litva və Estoniya milliləri üz-üzə gəlib.

Bu qarşılaşmayadək turnirin bütün oyunları heç-heçə bitdiyindən, yarışın qalibi məhz bu görüşdə müəyyənləşib. 2:0 hesabı ilə qalib gələn meydan sahibləri 5 illik fasilədən Latviya və Estoniya yığmalarını arxada qoya bilib. Həlledici əhəmiyyət kəsb edən son matçda Litva yığmasının qapısını Bakının “Neftçi” klubunun üzvü Paulius Qribauskas qoruyub. 90 dəqiqə ərzində qol buraxmayan 26 yaşlı əlcək sahibi komandası ilə bərabər kubokun qalibi olub. Pauliusun ölkəmizdəki komanda yoldaşı Dmitri Kruqlov isə Estoniya yığmasının heyətində cəmi 23 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Baltika kuboku”nda Litva 4, Latviya 2, Estoniya 1 xal toplayıb.