“Gəncə”nin prezidenti: Kim istəyirsə, “Kəpəz” adlı komanda yaratsın
21.06.2010 - 10:03
“Gəncə”nin prezidenti: Kim istəyirsə, “Kəpəz” adlı komanda yaratsın
“Gəncə futbolunun həmişə tarixi ənənəsi olub. Biz onun əvvəlki şöhrətini qaytarmaq üçün lazımi olan bütün işləri görürük. Komandamız çempionata iddialı çıxacaq”. Apasport.az saytının məlumata görə, bunu “Gəncə” klubunun prezidenti Elmir Əliyev bu gün jurnalistlərə açıqlamasında deyib.

Dörd illik fasilədən sonra Premyer Liqaya qayıdan Gəncənin eyniadlı təmsilçisi ötən mövsüm I divizionun çempionu kimi bu hüquqa yiyələndi. Əliyev artıq hazırlığa başlayan komandaya yeni futbolçular cəlb olunduğunu bildirib: “Məşqlərimizi hələ ki Gəncədə keçiririk. Ancaq komandanın baş məşqçisi Fuad İsmayılov məsləhət görərsə, klub təlim-məşq toplanışı xarici ölkələrin birində davam etdirəcək”.

Prezident klubun əvvəlki “Kəpəz” adına qayıdacağı ilə bağlı yayılan informasiyaları təkzib edib: “Kim istəyirsə, “Kəpəz” komandası yarada bilər. Ancaq komanda yenidən yarananda “Gəncə” adı ilə yaranıb. Birinci liqada da çempionluğu bu adla qazanmışıq. İnanıram ki, “Gəncə” adı ilə də Premyer Liqada yeni uğurlara imza atacağıq”.