Vinfred Şafer: Milli komandanın baş məşqçisi Berlində yaşamaz
21.06.2010 - 10:10
Vinfred Şafer: Milli komandanın baş məşqçisi Berlində yaşamaz
“Bakı” klubunun baş məşqçisi Vinfred Şafer Almaniya mətbuatına müsahibə verib. Apasport.az saytının xəbərinə görə, Kamerun milli komandasının sabiq çalışdırıcısı vaxtilə rəhbərlik etdiyi yığmanın DÇ-nin final mərhələsindəki uğursuzluğu haqda fikirlərini açıqlayıb. “Bakı” haqda qısa danışıb, klubla artıq müqavilə bağladığını və 2 həftədir ölkəmizdə olduğunu bildirən Şafer əsasən Afrika təmsilçisi və mundial haqda danışıb. O, artıq qrupda qalması dəqiqləşən Kamerunun zəif çıxışında fransalı xələfi Pol Le Queni günahkar sayır.

- Vaxtilə çalışdırdığınız Kamerun yığmasının uğursuzluğunu nə ilə izah edərdiniz?
- Komanda formalaşdırmaq uzun prosesdir. Pol Le Quen də gələcək perspektivə hesablanan komandanı qura bilmədi. O, əsasən gənclərə bel bağlamaq istəyir. Lakin onlar kifayət qədər yetkin deyillər. Məsələn, Riqober Sonq daha faydalı ola bilərdi. Hətta o yaşına görə ləng oynasa belə, Sonqun yeri görünürdü. Le Quen Aleksandr Sonq və Ceremiyə də güvənmirdi. O, ən yaxşılara komandasında yer vermirdi. Bunun nəticəsində də yığmada qayğılar yarandı.

- Lakin ikinci oyun ərəfəsində artıq futbolçular da məşqçiyə təzyiq edirdilər?
- Artıq gec idi. İlk oyunda qalib gəlməli idilər. Belə vəziyyətdə “bəxtimiz gətirmədi” ifadəsi işə düşür. Frits Valter demişkən, “bəxtimiz gətirmədi”dən sonra məlum olur ki, əslində bəxtimiz gətirib.

- Super ulduz Samuel Eto’O da özünü göstərə bilmədi?
- Belə deməzdim. Sadəcə, digər komanda yoldaşları həmişə olduğu kimi, onunla ayaqlaşa bilmirdi. Bu səbəbdən də Samuel Kamerun millisində “İnter”dəki kimi oynaya bilmir.

- Belə vəziyyətdə məşqçini saxlamağa dəyərmi?
- Le Quenin istefaya göndəriləcəyi aydındır. Amma problem də bundadır. Yeni komanda qurmaq üçün vaxt lazımdır. Mən yeganə adamam ki, orada sonadək – 3 il qaldım. Elə bu səbəbdən də uğur qazandıq. Biz Afrika çempionu olduq, Konfederasiyalar Kubokunda finala çıxdıq.

- İndi Kamerun yığmasında nə baş verməlidir?
- Kamerunlular istedadlı gəncləri ölkədə saxlamalıdır ki, onlar yaxşı inkişaf etsin. Avropaya yollanan hər 10 istedaddan yalnız biri inkişafa nail olur. Gənc və yeniyetmə liqaları təşkil olunmalıdır ki, futbolçular bir neçə il orada “bişsinlər”. Məsələn, olimpiya yığmasında yalnız yerli klubların oyunçuları çıxış etməlidir. Bu yolla futbolçuların ölkədə qalmasına az da olsa, stimul yaratmaq olar.

- Yeni baş məşqçi kim olmalıdır?
- Yığmanın baş məşqçisi Paris, London və ya Berlində yaşamamalıdır. Mən təkcə Avropada deyil, cəngəlliklərdə də istedadları izləyirdim. Həm də ki, oyunçular özlərinə qarşı nizam-intizam görməlidirlər. Yəni, mükafatlar həmişə vaxtında verilməlidir. Belə olanda, istədikləri komandanı görəcəklər.

- Afrika yığmalarından hansının nəticə qazanacağına ümid etmək olar?
- Qanaya. Essyen oynasaydı, onların yarımfinala çıxacağını da gözləmək olardı. Buna baxmayaraq, ən güclü Kot d’İvuarı sayıram.