“Rapid” və “Austriya” “Xəzər-Lənkəran”la oynamaqdan çəkinir
21.06.2010 - 10:36
“Rapid” və “Austriya” “Xəzər-Lənkəran”la oynamaqdan çəkinir
Bu gün keçiriləcək avrokubokların ilk iki təsnifat mərhələsinin püşkatması ərəfəsində iştirakçı klublar özləri üçün münasib və arzuolunmaz rəqibləri müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Avstriyanı Avropa Liqasında təmsil edəcək Vyananın “Rapid” və “Austriya” komandalarının arzularında Azərbaycan təmsilçisinə yer yoxdur.

Vyanalılar mübarizəyə başlayacaqları Avropa Liqasının ikinci təsnifat mərhələsində ən güclülərin kim olduğunu yaxşı bilir. Lakin avstriyalılar səpələnmişlər sırasında olduğundan, Yunanıstanın “Olimpiakos”, Türkiyənin “Beşiktaş” və Rumıniyanın “Dinamo” klubları ilə qarşılaşmaqdan sığortalanıb. Səpələnməmişlərdən biri ilə görüşəcək Vyana təmsilçiləri üçün ən ağır rəqib Azərbaycan, Qazaxıstan və Ermənistan komandaları ola bilər. Mərkəzi avropalılar bu ölkələrə səfərləri uzaq və yorucu saydıqları üçün onlardan çəkinir.

Qeyd edək ki, “Rapid” və “Austriya” Avropa Liqasında Azərbaycan klublarından yalnız biri ilə görüşə bilər. Mübarizəyə bu turnirin ikinci təsnifat mərhələsindən başlayan “Bakı”, həmçinin ilk səddi adlayacağı halda, “Qarabağ” avstriyalılarla görüşə bilməz. Çünki onların hər ikisi səpələnmişlər sırasında olacaq. “Xəzər-Lənkəran” isə hələlik avstriyalıların potensial arzuolunmaz rəqibidir. Onlar təmsilçimizin mərhələ adlayacağı halda, Ağasəlim Mircavadovun yetirmələrinin ilə görüşməkdən çəkinir.