İlqar Qurbanovla Ernani Pereyra “Mersin İdman Yurdu” klubunda!
22.06.2010 - 10:32
İlqar Qurbanovla Ernani Pereyra “Mersin İdman Yurdu” klubunda!
Türkiyənin “Mersin İdman Yurdu” klubu Azərbaycan yığmasının 2 sabiq futbolçusunu transfer edir. Apasport.az saytının məlumatına görə, Bank Asiya I liqasında mübarizə aparan mersinlilər yarımmüdafiəçi İlqar Qurbanov və milliləşən braziliyalı müdafiəçi Ernani Pereyra ilə qarşıdakı günlərdə rəsmi müqavilə imzalayacaq.

Klubun prezidenti Əli Qəhrəmanlı yeni transferlər arasında azərbaycanlı futbolçulara da böyük ümid bəsləyir: “Ən böyük hədəfimiz Super Liqaya vəsiqə qazanmaqdır. Buna nail olmaq üçün I liqada ilk “altılıq”da yer almaq vacibdir. Biz planlarımızı buna görə qurmuşuq. Bu mənada məşqçilər korpusuna və komandamıza güvənirəm. Hazırda bunu bacaracaq gücdəyik. Fikrimcə, istəyimizə nail olacağıq. İnanıram ki, yeni transferlərimiz bizə faydalı olacaq”.

Qeyd edək ki, ötən mövsüm müvafiq olaraq, “Olimpik-Şüvəlan” və “Karvan”da oynayan İlqarla Ernani vaxtı ilə Bank Asiyada iştirak ediblər. 24 yaşlı Qurbanov “Boluspor”da icarə əsasında oynayıb. 32 yaşlı Pereyra isə “Orduspor”un heyətində qısa müddət yer alıb. Türkiyə Futbol Federasiyasının qərarı ilə aşağı divizionda 2 azərbaycanlı futbolçunun oynamasına icazə verilir.