“Azərbaycan çempionu ilə cavab matçını formallığa çevirməliyik”
22.06.2010 - 10:46
“Azərbaycan çempionu ilə cavab matçını formallığa çevirməliyik”
“Kompüter arxasında oturub püşkatmanı izlədiyim vaxt iki il əvvəli xatırladım. Onda da Azərbaycan klubu ilə görüşürdük və ilk oyun səfərdə idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun qapıçısı Kşiştof Kotorovski deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “İnter”lə qarşılaşacaq poznanlıların futbolçusu iyulun 13 və ya 14-də Bakıda keçiriləcək görüşdə cütün taleyini həll edəcəklərini iddia edir: “Yaxşı xatırlayıram, o vaxt Bakıda çox isti idi. Həm də səfərimiz çox yorucu idi. Biz Azərbaycana öz yemək və içkilərimizi aparmışdıq. “İnter”lə Bakıdakı ilk matçda yaxşı nəticəyə ümid edirəm. Cütün taleyini orada həll edib, cavab matçı formallığa çevirməliyik. Futbolçularımızın çoxu Azərbaycan çempionu ilə oynamaq istəmir. Çünki oranın iqlimi bizim üçün qeyri-münasibdir. Lakin qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki, iki il əvvəl “Xəzər-Lənkəran”la qarşılaşan “Lex” Bakıda 1:0, Poznanda 4:1 hesabı ilə qalib gəlib.