“Xəzər-Lənkəran”ın sabiq futbolçusu casusluq edəcək
22.06.2010 - 14:26
“Xəzər-Lənkəran”ın sabiq futbolçusu casusluq edəcək
Moldovanın “Olimpiya” klubu “Xəzər-Lənkəran”ın sabiq futbolçusu Denis Kalinkovun köməyinə ehtiyac duyur. Apasport.az saytının məlumatına görə, Avroliqanın I təsnifat mərhələsində komandamıza rəqib olan Beltsı təmsilçinin baş məşqçisi Nikolay Bunya ötən mövsümü Lənkəranda keçirən həmyerlisindən məlumat toplamaq fikrinə düşüb: “Püşk bizim üçün pis də ola bilərdi. “Xəzər-Lənkəran” yaxşı maliyyə imkanlarına malik klubdur. Ötən mövsüm onun heyətində moldovalı yarımmüdafiəçi Denis Kalinkov oynayıb. Hesab edirəm ki, o, bizə keçmiş klubu haqda maraqlı informasiya verə bilər”.

“Olimpiya”nın çalışdırıcısı “Xəzər-Lənkəran”la oyunlara ciddi hazırlaşacaqlarını bildirib: “Biz növbəti mərhələyə çıxmaq istəyirik. Bunun üçün mümkün olan hər şeyi edəcəyik”.