Cavadov Hollandiyaya getməkdə problemlə üzləşib
22.06.2010 - 15:09
Cavadov Hollandiyaya getməkdə problemlə üzləşib
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov artıq neçə vaxtdır yeni mövsümə hazırlaşan “Tvente” klubunun məşqlərində iştirak etmək üçün Hollandiyaya yollanıb. Bu barədə apasport.az saytına 21 yaşlı hücumçunun atası, veteran futbolçu Füzuli Cavadov məlumat verib.

O bildirib ki, oğlu “Tvente”nin Çempionlar Liqasının hazırlığını davam etdirən heyətində yer alıb: “Vaqif artıq Hollandiyadadır. Onunla danışmışam. Deyir ki, heç bir problemi yoxdur. Dünən axşam saatlarında kollektivlə ilk məşqinə çıxıb. Zədəsi tam sağaldığına görə, məşqçinin verdiyi bütün tapşırıqlarını yerinə yetirib. Çətin ki, yeni baş məşqçi bir hazırlığa görə onunla bağlı konkret qərar versin”.

Veteran futbolçu yaxın günlərdə oğlunun yanına getmək istəsə də, problemlə üzləşdiyini söyləyib: “Vaqif Hollandiyada işçi vizası ilə yaşayır. Bizə isə qonaq kimi dəvətnamə gəlməlidir. Hələ ki, bu gəlmədiyindən problemimiz də aradan qalxmayıb. İnşallah, biz yaxın günlərdə ora səfər edəcəyik”.

Qeyd edək ki, Enshede təmsilçisi ilə yarım il əvvəl müqavilə bağlayan Cavadov “Tvente”nin əsas heyətində hələ də debüt etməyib. O, ən yaxşı halda əvəzedici komandada oynamaq şansı qazanıb.