Rəşad Abdullayevdən futbolçulara çağırış
24.06.2010 - 16:13
Rəşad Abdullayevdən futbolçulara çağırış
“Avropa Liqasında ev oyunlarını Lənkəranda keçirməsi “Xəzər-Lənkəran”a böyük üstünlük verir. Fikrimcə, komanda doğma arenada gücündən iki baş üstün oynaya bilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun sabiq futbolçusu Rəşad Abdullayev deyib.

2004-cü ildən 2009-cu ilədək bu komandada çıxış etmiş Abdullayev bildirib ki, avrokuboklar öncəsi Lənkəranda futbola maraq birə beş artır: “Hamı futbol barədə düşünür. Evin kişisi bilet alıb matça gələndə, onun ailəsi görüşü televiziya vasitəsi ilə izləyir. Futbolçulara səslənirəm: onları gözüyaşlı qoymasınlar. Xüsusən də, kubokun finalında və çempionatın son turundakı hadisələrdən sonra azarkeşlərin könüllərini almağın əsas vaxtı yetişib”.

Lənkəran təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu kimi tarixə düşən Abdullayev komandanın “Olimpiya” (Moldova) ilə oyunda şanslarını dəyərləndirib. Onun fikrincə, təmsilçimiz növbəti mərhələyə adlaya bilər: “Məni hazırda yalnız formasını geyindiyim “Neftçi” düşündürür. Lakin avrokuboklarda rəqiblərimizlə tanışam. “İnter”ə həqiqətən də güclü rəqib düşüb. “Lex”ə qarşı oynamışam və həmin komandanın nəyə qadir olduğunu bilirəm. “Olimpiya” isə keçiləsi rəqibdir. İnanıram ki, futbolçular bu işin öhdəsindən məharətlə gələcəklər”.

Qeyd edək ki, Abdullayev 2009-cu ildə "Xəzər-Lənkəran"dan “Neftçi”ə keçib.