Aslan Kərimov: Oteldə istədiyimizi edirdik
25.06.2010 - 12:18
Aslan Kərimov: Oteldə istədiyimizi edirdik
Ölkəmizi Avropa Liqasında təmsil edəcək Ağdamın "Qarabağ" klubunun kapitanı Aslan Kərimovun apasport.az saytına müsahibəsi

- Əvvəlcə komandanızın Türkiyədəki təlim-məşq toplanışı barədə məlumat verərdiniz...
- Çempionatın başa çatmasının ardından bir müddət istirahət etdikdən sonra Türkiyənin Qızılcahamam bölgəsinə getdik. 2 həftəlik təlim-məşq toplanışında maraqlı hadisə baş vermədi. Bəlkə də, nəsə qəribəlik oldu, amma bununla tez-tez rastlaşdığımızdan bizə maraqlı gəlmədi. Təlim-məşq toplanışlarında əsas məqsəd hazırlıq keçməkdir ki, biz də bunu etdik. Təəssüf ki, rəqib baxımından korluq çəkdik. "Qızılcahamam Bələdiyəspor"la görüşdən sonra "Terek"lə oynamağa hazırlaşırdıq. Amma çeçenlər gecə saat 00:00-da bizimlə oynamaqdan imtina etdilər. Onlarla görüşmək üçün 3 saat yol getməli, 3 saat da qayıtmalı idik. Bəlkə də, "Terek"in imtinası bizim xeyrimizə işlədi.

- "Qızılcahamam Bələdiyəspor" yarı həvəskar komandadır. Maraqlıdır, bu rəqiblə görüşdə nəyə qadir olduğunuzu müəyyənləşdirə bildinizmi?
- Çox güclü olmayan komanda Türkiyənin 3-cü liqasında mübarizə aparır və bu çempionatın autsayderlərindən sayılır. Biz onlarla görüşdə heç bir çətinlik çəkmədən 8:0 hesablı qələbə qazandıq. Əslində, bu görüşün keçirilməsində məqsəd gücümüzü yoxlamaq deyil, birgə oyuna alışmaq idi. Çoxdandır ki, bir yerdə futbol oynamırdıq. Xətlərarası əlaqəni möhkəmləndirmək, futbolçuların bir-birini başa düşməsini təmin etmək üçün uşaq komandası ilə də oynaya bilərdik. Amma istənilən halda, daha bir neçə matç keçirsəydik, yaxşı olardı.

- Qızılcahamamda müşahidə olunan yağmurlu hava şəraiti komandanın planlarına təsir edirdimi?
- Qışda bundan da betər idi. O zaman bütün məşqləri yağış altında etmək məcburiyyətində qalırdıq. Bu dəfə yalnız iki məşqdə yağış bizi yaxalasa da, hazırlığa ciddi təsir etmədi. Ümumiyyətlə, gündə iki dəfə məşq edirdik. Oteldə bizdən başqa komanda olmadığı üçün istədiyimizi edirdik. Bütün meydançalar bizim ixtiyarımızda idi.

- Komandanın kapitanı kimi, toplanış sizi razı saldımı?
- Komanda toplanış ərəfəsində üç qrupa bölünmüşdü: Zədəlilər, yığmada olanlar və Bakıda məşq edənlər. Heyətdəki oyunçuların fiziki hazırlıq səviyyəsi fərqli idi. Lakin baş məşqçi Qurban Qurbanov kollektivi ələ ala bildi. Fikrimcə, Türkiyə toplanışı xeyrimizə işləyəcək. Hər halda, təlim-məşqlər oyunlarda yaxşı nəticə qazanmağa hesablanır. Biz də bunun nəticəsini Avropa Liqasının oyunları zamanı görəcəyik.

- Avropa Liqasındakı rəqibiniz siz Türkiyədə olanda bilindi. Həmin vaxt düşərgədə baş verənləri canlandıra bilərsinizmi?
- Püşkatmanın gedişini internet vasitəsi ilə bütün komanda izləyirdi. Qışqır-bağır vardı. Hamı həyəcanla rəqibimizin kim olacağını gözləyirdi. Bəxtimizə Makedoniya təmsilçisi "Metallurq"un düşməsi yaxşı haldır. Fikrimcə, azarkeşlər maraqlı mübarizəyə şahidlik edəcəklər. Bizimlə müqayisədə "Xəzər Lənkəran"ın vəziyyəti çox yaxşıdır. Cənub klubunun rəqibi "Olimpiya" haqqında gülünc xəbərlər dolaşır. Məlumata görə, bu komandanın maliyyə dayaqları normal futbolçu transferinə belə imkan vermir. Bizim rəqibimiz isə Makedoniyanın ən varlı klubudur və qarşısına mərhələni adlamaq məqsədi qoyub.

- Vaxtilə sizinlə birgə bir neçə makedoniyalı futbolçu çıxış edib. Rəqibiniz barədə Artim Şakiri və ya Zəkəriyyə Ramadanidən nəsə məlumat toplamısınızmı?
- Əlbəttə. Bu cür fürsəti boşa vermək düzgün deyil. Komandamızda Makedoniyaya yaxın olan Albaniya millisinin üzvü Admir Teli çıxış edir. O, komandanın vəziyyətini müzakirə etməkdə bizə yaxından kömək etdi. Eyni zamanda, Şakiri və Ramadani ilə də danışdıq. Dedilər ki, rəqibimiz çox güclüdür. Yenidən görüşəcəyimizə görə, sevindiklərini bildirdilər və bizi qarşılayacaqlarına söz verdilər.

- Sizcə, onlar "Qarabağ"a yoxsa, doğma komandalarına azarkeşlik edəcəklər?
- Düzü, bu mənim üçün də maraqlıdır. Lakin onlardan heç nə soruşmadıq. İnşallah, oyunlar zamanı biləcəyik.

- Makedoniya təmsilçisi ilə görüşdə şansları necə dəyərləndirirsiniz?
- Şans həmişə var. Yəni, rəqibə ada görə qiymət vermək olmaz. Əgər, inam yoxdursa, heç meydançaya çıxmağa da dəyməz. Hər halda, "Qarabağ" "Rusenborq" səddini aşan heyətini böyük ölçüdə qoruyub. Biz adlı-sanlı Norveç klubunu mübarizədən kənarlaşdırmışıqsa, niyə indiki rəqib önündə aciz qalmalıyıq? Əlbəttə, futbolda hazırlıq səviyyəsi çox şeyi həll edir. Bizim həmin oyuna qədər hansı səviyyədə olmağımız matçın nəticəsinə birbaşa təsir göstərəcək. Məncə, şansımız çoxdur.

- Razılaşaq ki, Avropa Liqasının oyunu öncəsi transfer bazarında fəallıq nümayiş etdirmirsiniz. Sizcə, hələlik heyətə cəlb etdiyiniz yeganə futbolçu Samir Abasov komandanı gücləndirməyə qadirdirmi?
- Əgər, məşqçilər Samirə güvəniblərsə, deməli, qadirdir. Düzü, Türkiyədə təlim-məşqdə olarkən "MKT-Araz"ın sabiq üzvü Zoran Boldavaliyev baxışa gəlmişdi. Bizdən 3-4 baş üstün futbolçu axtardığımıza görə, o, geri qaytarıldı.

- Elnur Allahverdiyevin gedişi komandanı zəiflədə bilərmi?
- Elnurun gedişi ilə bağlı deməyə sözüm yoxdur. Yəqin ki, o, "Xəzər-Lənkəran"da oynamağı özünə daha münasib bildi. Ona gələcək karyerasında uğurlar diləyirəm. Biz onu heç vaxt yaddan çıxarmayacağıq. İnşallah, məşqçilər Elnurun gedişindən sonra yaranan boşluğu aradan qaldıracaqlar.