Türkiyə klubunun rəsmisi: Bizə iki azərbaycanlı futbolçu lazımdır
25.06.2010 - 14:52
Türkiyə klubunun rəsmisi: Bizə iki azərbaycanlı futbolçu lazımdır
Türkiyənin “Altay” klubu daha bir azərbaycanlı futbolçu ilə müqavilə bağlayacaq. Apasport.az saytının məlumatına görə, “Bakı”nı Azərbaycan kubokunun qalibi edən türkiyəli mütəxəssis Cüneyt Biçərin çalışdığı klub həmyerlilərimizə maraq göstərməkdə davam edir. Bir neçə gün əvvəl Rəhman Hacıyevi sıralarına qatan “Altay” təkcə bu futbolçu ilə kifayətlənmək niyyətində deyil.

Klubun transfer şöbəsinin rəhbəri Fikrət Kar ümumilikdə iki azərbaycanlı futbolçunun xidmətində maraqlı olduqlarını bildirib. Rəhmanın keçidinin artıq gerçəkləşdiyini nəzərə alsaq, türkiyəlilər daha bir oyunçumuzu sıralarına qatacaq: “İkisi azərbaycanlı olmaqla 5 əcnəbi transfer edəcəyik. Seçim edərkən səhvə yol verməməyə çalışırıq. Elə oyunçular istəyirik ki, onlarla uzun müddətli anlaşma əldə edək”.

Qeyd edək ki, Biçər “Altay”ın baş məşqçisi Ercan Ertemçözün köməkçisidir.