“Xəzər-Lənkəran”ın legionerləri “Olimpya”da oynayanlardan güclüdür”
27.06.2010 - 21:26
“Xəzər-Lənkəran”ın legionerləri “Olimpya”da oynayanlardan güclüdür”
“Əminəm ki, “Xəzər-Lənkəran”la oyunlarda “Olimpiya”nın işi asan olmayacaq. Azərbaycan futboluna bələdəm. Elə bu səbəbdən də deyə bilərəm ki, orada kifayət qədər güclü komandalar var”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Odessanin “Çernomorets” klubunun baş məşqçisi İqor Nakoneçnıya məxsusdur.

Vaxtilə İmişlinin “MKT-Araz” komandasına rəhbərlik edən ukraynalı mütəxəssis Moldova mətbuatına müsahibə verib. Nakoneçnı Avropa Liqasının I təsnifat mərhələsinin “Xəzər-Lənkəran”la oyunu ərəfəsində qüvvəsini “Çernomorets”lə sınayan “Olimpiya”nın şanslarını dəyərləndirib: “Xəzər-Lənkəran” çoxdandır ki, ölkə çempionatının iddialıları arasındadır. Bu komandada yüksək səviyyəli çoxlu sayda legionerlər var. Düşünürəm ki, onlar Moldova klublarındakı əcnəbilərdən daha güclüdürlər”.

Nostalji hisslərə qapılan Nakoneçnı “Xəzər-Lənkəran”la qarşılaşmalarını da xatırlayıb: “Mənim Azərbaycanda çalışdırdığım klub çempionluq uğrunda mübarizə aparırdı. Lakin “Xəzər-Lənkəran” bizi bu mübarizədən kənarlaşdırdı. Bundan başqa, ölkə kubokunun final matçında məhz lənkəranlıların son dəqiqələrdəki qolu mənim komandamı titul qazanmaqdan etdi”.

Qeyd edək ki, 2005-07-ci illərdə İmişli təmsilçisini çalışdıran Nakoneçnının ən böyük uğuru 2006/07 mövsümünün ölkə kubokunda qeydə alınıb. Həmin vaxt finalda Rəşad Kərimovun qolu “Xəzər-Lənkəran”a minimal hesablı qələbə qazandırıb.