“Xəzər-Lənkəran”la oyunun heyətini indidən müəyyənləşdirmişəm”
27.06.2010 - 23:09
“Xəzər-Lənkəran”la oyunun heyətini indidən müəyyənləşdirmişəm”
“Məğlubiyyətdən faciə düzəltmək lazım deyil. Əsas heyət oyunçuları ilə bağlı hər hansı problem yoxdur. Meydana sonradan çıxan futbolçularımız hələ də onlardan nə tələb olunduğunu dərk etmir”. Apasport.az saytının xəbərinə görə, bu fikirlər Moldovanın “Olimpiya” klubunun baş məşqçisi Nikolay Bunyaya məxsusdur.

Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər-Lənkəran”la qarşılaşacaq Beltsı təmsilçisinin çalışdırıcısı Odessanın “Çernomorets” klubu ilə yoldaşlıq oyunundan sonra müsahibə verib. Bunya 1:3 hesablı yenilgini mənfi hal kimi dəyərləndirmir: “Bu məğlubiyyətdən müəyyən nəticələr çıxaracağıq. “Xəzər-Lənkəran”la oyuna qədər 5 gün vaxtımız var. Bu müddətdə əlimizdən gələni edəcəyik ki, oyunçularımız Avropa Liqasının matçına yaxşı əhval-ruhiyyə ilə köklənsinlər. Məhz bu yaxşı oynayıb müsbət nəticə qazanmağımıza kömək etməlidir”.

Bunya komandasındakı problemlərin varlığını da təkzib etmir: “Mən “Xəzər-Lənkəran”ın durumunu xarakterizə edə bilmərəm. Bizim özümüzdə də problemlər var. Söhbət heç də “Çernomorets”ə məğlubiyyətdən getmir. Mən ilk hissədə yetirmələrimdən razı qaldım. Buna görə də demək olmaz ki, bu nəticə avrokubokda bizə mənfi təsir göstərəcək”.

Baş məşqçi iyulun 1-də “Zimbru” stadionunda meydana buraxacağı heyətlə bağlı qəti fikrə gəlib: “Xəzər-Lənkəran”la oyun üçün heyəti 90 faiz müəyyənləşdirmişəm. Qeyri-adi nə isə baş verməsə start “11-liy”i artıq indidən məlumdur. Komandamızda zədəli oyunçu da yoxdur. “Çernomorets”ə qarşı oynamayan Denis Kristofoviç və Maksim Hovanski tam hazır olmadıqları üçün oynamadılar. Klub rəhbərliyi bizə hər cür şərait yaratdığından heç bir problemimiz yoxdur. Biz iyulun 1-də meydana çıxmalı, layiqli oyun göstərərək zəruri nəticəni qazanmalıyıq”.