Qurban Qurbanov: Biz onu baxışa çağırmamışdıq
28.06.2010 - 13:58
Qurban Qurbanov: Biz onu baxışa çağırmamışdıq
"Ansi Aqolli hələ ki rəhbərliyim altında yalnız 1 məşqdə iştirak edib. Onu bundan öncə baxışa dəvət etməmişdik". Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

39 yaşlı mütəxəssis yay fasiləsi zamanı sərəncamına daxil etdiyi ikinci futbolçu barədə danışıb. O, Ansini canlı izləmədiyini söyləyib: "Aqolli son mövsümü Ukraynanın yüksək liqa təmsilçisi "Krivbass"ın heyətində keçirib. Onu canlı izləmək imkanım olmayıb. Sadəcə, oyun disklərinə baxıb keçidinə razılıq vermişəm. Aqolli ilə mövsümün sonuna qədər anlaşmışıq. Zənnimcə, müdafiənin sol cinahındakı boşluğu aradan qaldırmağı bacaracaq".

Qurbanov Aqollidən başqa, heç bir futbolçu ilə maraqlanmadığını bildirib: "Qarşıda bizi Avropa Liqasının I təsnifat mərhələsinin oyunları gözləyir və yalnız bu qarşılaşma barədə düşünürük. Hazırda Aqollidən başqa, heç bir futbolçunu komandaya götürməmişik".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının ilkin mərhələsində Makedoniyanın "Metallurq" klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 1-də Bakıda baş tutacaq.