“Lex”in məşqçisi: Onlara yuxarıdan aşağı baxmaq olmaz
28.06.2010 - 23:20
“Lex”in məşqçisi: Onlara yuxarıdan aşağı baxmaq olmaz
“Bakının “İnter” klubunun Azərbaycan çempionu olması heç də təsadüfi deyil. Onlar bunu Bolqarıstanın MOİK klubu ilə oyunda sübut etdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun məşqçisi Rışard Kuzma deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “İnter” klubu ilə qarşılaşacaq Poznan təmsilçisinin çalışdırıcısı Azərbaycan çempionunun Bolqarıstanda keçirdiyi yoxlama oyununun canlı şahidi olub: “MOİK öz ölkələrinin çempionatında ikinci yeri tutub. Belə bir rəqibə qalib gəlmək heç də asan deyil. “İnter” isə bolqarıstanlılarla matçda layiqli qələbə qazandı. Azərbaycan çempionunun çox güclü və geniş heyəti var. Onlar arasında xeyli sayda səviyyəli legionerlər də var. Onların əksəriyyəti zəngin təcrübəyə malikdir. Belə rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Bütün bunlara baxmayaraq “İnter”lə oyunların favoriti bizik. Bunun üçün də qarşılaşmalara yaxşı hazırlaşmalıyıq”.

Qeyd edək ki, “İnter” – “Lex” oyunları iyulun 13-21-də keçiriləcək.