“Turan” klubunun yeni baş məşqçisinin adı açıqlandı
29.06.2010 - 10:09
“Turan” klubunun yeni baş məşqçisinin adı açıqlandı
“Komandamızı yeni mövsümdə Sakit Alıyev çalışdıracaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.

Yenidən Tovuz təmsilçisinin rəhbəri seçilən Süleymanov komandada müəyyən dəyişikliyə əl atıb. Belə ki, o, baş məşqçi postunu Alıyevə tapşırmaqla yanaşı, onun qarşısına gənclərdən ibarət döyüşkən kollektiv formalaşdırmaq tapşırığı qoyub.

Baş məşqçinin köməkçiləri isə yaxın günlərdə məlum olacaq: “Bununla bağlı Alıyev özü qərar verəcək. O, kimlərlə işləyəcəyini özü seçəcək”.

Əsasən yeli oyunçulara güvənəcək əyalət klubu legionerlərdən bəzilərini komandada saxlayacaq: “Muammer Ərdoğdu, Rəşid Həsənov, Şamil Saidov və Onana Romuald komandada qalacaq. Digər oyunçularımız yerli futbolçular olacaq”.

Qeyd edək ki, Sakit Alıyev 2006-cı ilin qışında “Turan”ın baş məşqçisi olub və 2 ilə yaxın komandaya rəhbərlik edib. Onun dövründə gənclərdən qurulmuş komanda xüsusilə də iddialı komandalara baş ağrısı olub. Alıyev son mövsümdə “Turan”da baş məşqçi Nizami Sadıqovun köməkçisi postunda çalışırdı.