Avrokubokların startı təxirə salındı
30.06.2010 - 09:45
Avrokubokların startı təxirə salındı
2010/11 mövsümü üçün Avropa klub turnirlərinin startı baş tutmayıb. Apasport.az saytının məlumatına görə, “Köhnə qitə”də yeni futbol mövsümü Çempionlar Liqasının I təsnifat mərhələsinin dünən keçirilməli olan 1 qarşılaşması ilə başlamalı idi. Lakin Andorranın “Santa-Koloma” və Maltanın “Birkirkara” klubları arasında görüş baş tutmayıb.

Andorra de la Vella şəhərində qarşılaşmanın keçirilməsinə meydanın ot örtüyünün yararsız vəziyyətə düşməsi səbəb olub. Belə ki, güclü yağış üzündən “Kommunal” stadionunun meydançası bataqlığa dönüb. Bu səbəbdən matçın hakimləri oyunun təxirə salınmasına qərar veriblər.
Cavab görüşü iyulun 6-da keçirilməli olan cütlüyün ilk matçını nə vaxt keçirəcəyinə hələ aydınlıq gəlməyib. Bu matç baş tutmadığından, avrokubokların startı bu gün gerçəkləşəcək. Start matçında San Marinoda baş tutacaq oyunda yerli “Tre Fiori” və Çernoqoriyanın “Rudar” komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, “Kommunal” stadionu Azərbaycan milli komandasına da yaxşı tanışdır. İki il əvvəl Andorra yığması ilə yoldaşlıq oyunu keçirən yığmamız bu arenadakı səfər matçında 2:1 hesabı ilə qalib gəlmişdi. Komandamızın qollarına Fabio Luis Ramim və Branimir Subaşiç imza atmışdılar.