Qələbə həsrəti: Kişinyovdan Kişinyovadək!
30.06.2010 - 18:00
Qələbə həsrəti: Kişinyovdan Kişinyovadək!
“Xəzər-Lənkəran” sabah Avropa Liqasında mübarizəyə başlayır. Apasport.az saytının hesablamalarına görə, Lənkəran təmsilçisi bu turnirdə uğursuzluqla üzləşdiyindən, indiyədək qitə miqyaslı turnirdə mərhələ keçə bilmir. Bu azmış kimi, komanda keçirdiyi 6 oyunda qələbə üzünə də həsrət qalıb. İndi “Xəzər-Lənkəran” buna Moldovanın son bürünc mükafatçısı, ən əsası avrokuboklarda debüt edən “Olimpiya” ilə görüşdə son qoymalıdır.

Ancaq yaxın keçmişə nəzər salsaq, moldovalılar təkcə “Xəzər-Lənkəran” üçün yox, digər klublarımız üçün də arzuolunmaz rəqibdir. Lənkəranlılar avrokuboklarda debüt mövsümünə gümüş mükafatçı kimi türkiyəli mütəxəssis Rasim Karanın rəhbərliyi altında qatıldığı zaman “Nistru” ilə görüşdü. Komandamızın zəif rəqib sayılan Ataki şəhərinin təmsilçisinə qalib gələcəyi gözlənildiyi bir vaxtda tam əksi oldu.

Belə ki, gözlənilənlərin əskinə olaraq, “Nistru” “Xəzər-Lənkəran”a hər iki matçda qalib gəldi. Ciddi maliyyə problemləri olan Moldova klubu növbəti mərhələnin oyuna getməyə pulu yox idi. “Nistru” qanalı müdafiəçisi Kinqsli Atakoranı lənkəranlılara satmaqla, problemi həll etdi.

“Xəzər-Lənkəran” bundan sonrakı mübarizəni indiki baş məşqçisi Ağasəlim Mircavadovun rəhbərliyi altında davam etdirib. Ancaq bu dəfə püşk lənkəranlılar üçün arzuolunmaz oldu. Hər iki dəfə güclü rəqiblə görüşən Mircavadovun komandası Zaqreb “Dinamo”su ilə oyunlarda inamlı təsir bağışladı. Bu görüşlər eyni hesabla bitdi və səfərdəki cavab matçında qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olundu.

Xorvatlar həmin vaxt rəqibin azlıqda qalmasından yararlanıb, iki qol vurdu və görüşün taleyini həll etdi. “Xəzər-Lənkəran”ın fransalı hücumçusu Edmond N’Tiamoanın əsas vaxtda ikinci sarı alaraq meydan çıxarıldığından, komandasını çətin vəziyyətdə qoydu. Yeri gəlmişkən, qırmızı vərəqə Lənkəran klubunun avrokuboklarda ağrılı yeridir. Belə ki, kapitan Emin Quliyev “Dinamo” ilə Bakıdakı oyunda rəqibi qəsdən vurduğu üçün birbaşa qırmızı vərəqə almışdı. Zaqreblilər bundan istifadə edərək, məğlubiyyətdən yaxa qurtarmışdı. UEFA-nın Eminə verdiyi 5 oyunluq cəza isə hələ bitməyib.

“Xəzər-Lənkəran”ın avrokuboklarda son oyunu da “qırmızı”sız ötüşmədi. Belə ki, Elmar Baxşıyev Polşadakı oyunda ikinci sarı vərəqə alaraq, meydandan çıxarıldı və “Lex” bundan sonra vurduğu qollarla komandamızı böyük hesablı məğlubiyyətə uğratdı – 4:1. Tale elə gətirdi ki, “Xəzər-Lənkəran” həmin oyundan sonra istefaya göndərdiyi Mircavadovu ötən yay baş məşqçi postuna qaytardı və avrokuboklara dönüşü onunla olacaq.

Lənkəranlıların Avropa arenasında vurduğu qollardan yarıdan çoxu – beşindən üçü Zaur Ramazanovun adı ilə bağlıdır. Təcrübəli hücumçu “Xəzər-Lənkəran”ın avrokuboklarda hər mövsümündə qol vurmağı bacarıb. Mircavadovun “Olimpiya” ilə oyun öncəsi geri qaytardığı Ramazanov yenə əsas qol ümidi olacaq. Ancaq onu da nəzərə alaq ki, ötən mövsümü boşa verən Zaur bir ildən artıqdır qol vura bilmir. Digər qol vuranlardan hücumçu Samir Əliyevlə braziliyalı yarımmüdafiəçi Juninyo Osvaldo artıq Lənkəran klubunun sıralarında deyil.
Qeyd edək ki, moldovalılarla yenə Kişinyovda görüşəcək “Xəzər-Lənkəran” avrokuboklarda keçirdiyi 6 oyundan yalnız 1-də heç-heçə edib, 5-də uduzub (topların fərqi – 5-14).

“Xəzər-Lənkəran”ın avrokuboklarda çıxışı

2005/06 mövsümü
UEFA kuboku, I təsnifat mərhələsi


“Nistru” (Moldova) - “Xəzər-Lənkəran” – 3:1
Qol: Zaur Ramazanov

“Xəzər-Lənkəran” – “Nistru” – 1:2
Qol: Samir Əliyev

2007/08 mövsümü
Çempionlar liqası, I təsnifat mərhələsi


“Xəzər-Lənkəran” – “Dinamo” (Xorvatiya) – 1:1
Qol: Zaur Ramazanov

“Dinamo” – “Xəzər-Lənkəran” – 1:1 (əlavə vaxtda – 3:1)
Qol: Juninyo Osvaldo

2008/09 mövsümü
UEFA kuboku, I təsnifat mərhələsi

“Xəzər-Lənkəran” – “Lex” (Polşa) – 0:1
“Lex” – “Xəzər-Lənkəran” – 4:1
Qol: Zaur Ramazanov

Mehman SÜLEYMANOV