“Buduçnost”un baş məşqçisi: Biz “Bakı” üçün naməlum rəqibik
01.07.2010 - 14:36
“Buduçnost”un baş məşqçisi: Biz “Bakı” üçün naməlum rəqibik
“Mən “Buduçnost”la nəticə qazanmaq niyyətindəyəm. Bilirəm ki, gələcəkdə bu vəzifənin öhdəsindən gələcəyik. Bunun üçün əsas problemimizi həll etməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çernoqoriyanın “Buduçnost” klubunun baş məşqçisi Nikola Rakoyeviç deyib.

Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycan kubokunun son qalibi “Bakı” ilə görüşəcək podqoritsalıların çalışdırıcısı qarşıdakı mövsümdə nəticə haqda düşünür: “Hazırda komandamızın çatışmazlığı oyun planındadır. Bunu aradan qaldırmaq və nəticələr əldə etmək üçün komanda quracağıq. Bizimlə ayaqlaşa bilməyən futbolçular “Buduçnost”un formasını daşımayacaq. Çünki bizim üçün ön planda nəticə durur”.

“Bakı” haqda yaxşı məlumata malik olan Rakoyeviç təmsilçimizin onlara bələd olmadığını zənn edir və buna sevinir: “Bakı”nın Almaniyada hazırlıq keçdiyindən xəbərimiz var. Bilirəm ki, onlara daha 4-5 səviyyəli futbolçu qoşulub. Amma onların üzləşə biləcəyi ən pis amil qarşılarındadır. Bu, bizim onlar üçün naməlum rəqib olmağımızdır. Bakılılar hələ də kiminlə qarşılaşacaqlarını bilmirlər. Bununla belə, məni ilk növbədə öz komandamın uğuru maraqlandırır”.