Yunis Hüseynov: “Xəzər-Lənkəran”la “Qarabağ” mərhələ keçəcək
06.07.2010 - 14:44
Yunis Hüseynov: “Xəzər-Lənkəran”la “Qarabağ” mərhələ keçəcək
“Hələlik heç bir klubdan təklif almamışam. “Karvan”la demək olar ki, əlaqəm yoxdur. Onlar növbəti mövsümdən I divizionda mübarizə aparacaqlar. Heyəti isə gənclərdən quracaqlar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Karvan” klubunun sabiq baş məşqçisi Yunis Hüseynov deyib.

2004-cü ildə “Karvan” təsis edildikdən sonra komandanın ilk baş məşqçisi olan və fasilələrlə 5 il bu kluba rəhbərlik edən mütəxəssis hazırda işsiz qalıb. Son mövsümü Unibank Premyer Liqasında keçirən Yevlax təmsilçisi sonuncu pillədən qurtula bilmədiyi üçün I diviziona düşdü.

UEFA kubokunda mərhələ adlayan ilk məşqçimiz kimi tarixə düşən Hüseynov klublarımızın avrokuboklardakı şanslarını da dəyərləndirib: “Xəzər-Lənkəran” səfərdə qolsuz heç-heçə edib. Onlar doğma meydanda daha yaxşı oynayacaqlar. Fikrimcə, əyalət təmsilçisi mərhələ adlayacaq. “Qarabağ”ın oyununu isə stadionda izlədim. 4:1 hesabı mərhələni 70-80 faiz adlamaq deməkdir. Onların 3 cavabsız top vuracaqlarına inanmıram”.

Hüseynov özü üçün yaxşı tanış olan və iyulun 13-də “İnter”lə qarşılaşacaq “Lex” barədə isə bunları deyib: “Güclü komandadır. Mübarizə aparmaq lazımdır. Şansları 50-nin 50-yə dəyərləndirərdim”.