Ruslan Abışov: “Beşiktaş” klubunun futbolçuları bizə qarşı kobudluq edirdi
06.07.2010 - 14:52
Ruslan Abışov: “Beşiktaş” klubunun futbolçuları bizə qarşı kobudluq edirdi
“Beşiktaş” adlı-sanlı komanda olmasına baxmayaraq, futbolçularımızda hansısa həyəcan yox idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi” klubunun futbolçusu Ruslan Abışov deyib.

Azərbaycan yığmasının da üzvü olan gənc müdafiəçi iyulun 3-də Avstriyada Türkiyənin “Beşiktaş” klubu ilə yoxlama oyununda (1:1) gözəl kombinasiyadan sonra vurduğu qolla hesabı açdı. Abışov bildirib ki, “Neftçi”nin baş məşqçi Arif Əsədov oyundan öncə onlara rəqibin ulduz futbolçularından çəkinməməyi tapşırıb: “Düzdür, İstanbul klubunun heyətində yüksək səviyyəli futbolçular yer alır, ancaq biz öz oyunumuz haqda fikirləşirdik. Düşünürəm ki, komandamız bu oyunda qələbə qazana bilərdi. Sadəcə, görüşün sonlarına yaxın azarkeş dəstəyi sayəsində "Beşiktaş" təzyiqi daha da artırdı və hesabı bərabərləşdirdi. Fərqləndiyim epizoda gəlincə, top ayağıma çox rahat oturdu və qüvvətli zərbə ilə onu tora daxil etdim. Təəssüflər olsun ki, ikinci hissədə türkiyəli futbolçular sərt və kobud futbola üstünlük versələr də, hakimin fiti bir çox epizodlarda susurdu”.

Mənbə: neftchifc.com