Ümit Davalaya 5 il həbs istənildi
06.07.2010 - 16:15
Ümit Davalaya 5 il həbs istənildi
Tanınmış futbolçu Ümit Davala qaçaqmalçılıqda ittiham olunur. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”ın sabiq yarımmüdafiəçisi 7 il əvvəl xaricdən Türkiyəyə “Porsche Cayenne” markalı “Jeep” avtomobili gətirməklə başını dərdə soxub.

205 min avroya aldığı avtomobilin qiymətini 78 min avro göstərdiyi üçün Davala gömrük qaçaqmalçılığında günahlandırılır. Bu səbəbdən Ümit məhkəməyə verilib. Prokurorluq onun 5 ilədək həbs olunmasını istəyib.

Hadisə barədə açıqlama verən Davalı avtomobili İstanbuldan aldığını bildirib: “Həmin maşını Almaniyadan bir nəfər gətirib. O dedi ki, mənim adıma gətirilərsə, maşının qiymətin daha uyğun olacaq. 205 min avroya razılaşdıq. Vəkalət verdim, bəzi idxalat sənədlərini imzaladım. Avtomobilin pulunu nağd ödədim, ancaq qəbz götürmədi. Vasitəçinin dosyesini istəyib, onu nəzərdən keçirəndə Almaniyadakı firma hesabına 78 min avro köçürdüyümü gördüm. Ancaq mən banka pul yatırtmamışam”.

Qeyd edək ki, Davala uzun illər çıxış etdiyi “Qalatasaray”la UEFA kubokunu, Türkiyə yığması ilə dünya çempionatının bürünc medalını qazanıb.