Petar Zlatinov: Mərhələ keçəcəyimizə söz vermirəm - MÜSAHİBƏ
11.07.2010 - 19:14
Petar Zlatinov: Mərhələ keçəcəyimizə söz vermirəm - MÜSAHİBƏ
Bakının “İnter” klubunun bolqarıstanlı legioneri Petar Zlatinovun apasport.az saytına müsahibəsi

- Artıq komanda Bolqarıstandakı təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıb. Hazirliq prosesini necə dəyərləndirirsiniz?
- Əla təlim-məşq toplanışı oldu. Əsas odur ki, zədələnən futbolçumuz olmadı. Komandanı mövsümə hazır hesab etmək olar.

- Toplanış zamanı keçirilən yoxlama oyunları ilə bağlı nə deyə bilərsiniz? Komanda həmin görüşlərdə özünü necə göstərdi?
- Bu barədə məşqçilər danışsa daha yaxşı olar. Mənim fikrimcə, hər şey yaxşı keçdi. Normal futbolumuzu oynadıq.

- Komandanın tam formalaşdığını demək olarmı?
- Komandamızda əla dostluq var. Əsas odur ki, ötən ilki heyətdən çox adam getmədi. Gələnlər də qısa zaman ərzində komandaya uyğunlaşıblar.

- “İnter” Çempionlar Liqasının II təsnifaət mərhələsi çərçivəsində Polşa çempionu “Lex”lə qarşılaşacaq. Rəqib haqda nə deyə bilərsiniz? Oyuna cəmi 2 gün qalıb. Komanda haqda yetərincə informasiyasınız varmı?
- Elə də geniş məlumatımız yoxdur. Əgər Polşa çempionudursa, deməli yaxşı komandadır.

- “Lex” haqqında geniş infomasiyanızın olmamağı sizə problem yaratmayacaq ki?
- Biz onları fikirləşməməliyik. Qoy onlar bizi düşünsünlər. Əsas bizim oyunumuzdur.

- Komandaya daha bir həmyerliniz Jivko Jelev qoşuldu. Onun haqda nə deyə bilərsiniz?
- Milli komandanın üzvüdür. Yaxşı futbolçudur, səviyyəli komandaların da şərəfini qoruyub.

- “Lex”lə oyundan nə gözləyirsiniz? Mərhələ keçməyə söz verə bilərsinizmi?
- Mərhələ keçəcəyimizə söz vermirəm. Amma spz verirəm ki, son ana qədər mübarizə aparacağıq. Kim sənə söz veribsə, mərhələ keçəcək səni aldadıb.