Poşkus “İnter”in mərhələ keçmək şanslarını dəyərləndirdi
11.07.2010 - 17:59
Poşkus “İnter”in mərhələ keçmək şanslarını dəyərləndirdi
“Milli komandanın heyətində zədələnmişdim. Qolum qırılşmışdı ki, artıq bu problem arxada qalmaqdadır. İndi özümü yaxşı hiss edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun futbolçusu Robertas Poşkuş deyib.

Litva milli komandasının heyətində Baltika kubokunda Estoniya yığması ilə görüşdə qolunu sındıran təcrübəli hücumçunun qolu hələ də gipsdədir. Ancaq güclü fiziki göstəriciləri ilə seçilən Poşkuş bu vəziyyətdə də məşqlərdə fəal iştirak edir.

Bolqarıstandakı təlim-məşq toplanışına da qatılan litvalı legioner Çempionlar Liqasının II təsnifat mərhələsinin Polşanın “Lex” klubu ilə oyununa tam hazırdır: “Qolumun gipsdə olmasının heç bir problemi yoxdur. Zədəm sağalmağa doğru gedir. “Lex”lə oyuna qədər gipsi çıxardacaqlar”.

Bolqarıstanda yaxşı təlim-məşq toplanışı keçdiklərini deyən Poşkuş “İnter”in mərhələ keçmək şansını da dəyərləndirib: “Lex”lə oyuna 100 faiz hazırıq. Ancaq mərhələ keçmək şansımız 50-nin 50-yədir. Bəxt hansı komandanın üzünə gülsə o da mərhələ adlayacaq”.

Qeyd edək ki, “İnter” və “Lex” arasında ilk oyun iyulun 13-də baş tutacaq.