Vinfred Şafer: “Buduçnost”la 90 dəqiqə mübarizə aparmağa qadirik
12.07.2010 - 11:57
Vinfred Şafer: “Buduçnost”la 90 dəqiqə mübarizə aparmağa qadirik
“Almaniyada təlim-məşq toplanışı yüksək səviyyədə keçdi. Komandamızın üzvləri məşqlərdə çox yaxşı çalışırdılar. Kollektiv daxilindəki ab-hava məni çox sevindirir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan kubokunun son qalibi olan “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib. Avroliqanın II təsnifat mərhələsində Çernoqoriyanın “Buduçnost” klubu ilə oyuna iki həftəlik hazırlığı vətənində keçirən almaniyalı mütəxəssis səfərdən razı dönüb: “Futbolçular yoxlama oyunlarında da özlərini yaxşı tərəfdən göstərdilər. Düzdür, yoldaşlıq oyunlarında nəticə önəm daşımır. Amma onların hər bir oyuna qələbə həvəsi ilə çıxması, meydanda sonadək vuruşması məni məmnun edir”.

Son yoxlama oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirən “zolqalılar” “Olimpik-Şüvəlan” klubuna 4:3 hesabı ilə qalib gəlib. Şafer bu oyuna çox ehtiyaclarının olduğunu bildirib: “Çünki komandamızda bir neçə yeni oyunçu var. Hansılar ki, Respublika stadionunda ilk dəfə oynayırdılar. Bu səbəbdən də oyun bizim üçün önəmli idi. Komandamız matça yaxşı başladı. Tezliklə 2 qol vurduq. Lakin sonradan bəzi oyunçularda arxayınçılıq yarandı ki, nəticədə də rəqib hesabı bərabərləşdirdi. Amma ümumi götürdükdə komandamız iyulun 15-də “Buduçnost”a qarşı keçirəcəyimiz matça tam hazırdır. Komandamız rəqiblə 90 dəqiqə fiziki cəhətdən mübarizə aparmağa qadirdir”.

Mənbə: fcbaku.com