“Ayaks”da oynamış futbolçu “Olimpik-Şüvəlan”da - FOTO
12.07.2010 - 12:19
“Ayaks”da oynamış futbolçu “Olimpik-Şüvəlan”da - FOTO
Heyətini gücləndirməyə çalışan “Olimpik-Şüvəlan” klubu yeni futbolçuları baxışdan keçirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, yeni mövsümdən AZAL adı altında çıxış edəcək komandanın düşərgəsinə son gələn nigeriyalı futbolçu Pius İkedia olub.

Peşəkar karyerasına 1997-ci ildə başlayan 30 yaşlı cinah yarımmüdafiəçisi əsasən ölkə xaricində çıxış edib. O, 1999-2005-ci illərdə məşhur “Ayaks” klubunun (25 oyun, 2 qol) uğurları üçün tər töküb. İkedia növbəti iki ili Hollandiyanın digər təmsilçisi olan “Alkmaar”ın heyətində keçirib. Cəmi 12 oyunda meydana çıxan Pius 1 dəfə qol sevinci yaşayıb. Ukraynada da çıxış etməyə imkan tapan nigeriyalı Donetsk “Metallurq”unun şərəfini qoruyub. Ancaq Piusin orada karyerası uğurlu alınmayıb. Cəmi 3 oyunda komandasına kömək edən İkedianın sonuncu klubu Hollandiyanın birinci divizionunda çıxış edən “Rozendal” olub. Futbolçu 1997-ci ildən etibarən formasını geydiyi Nigeriya yığmasının heyətində 1 dəfə fərqlənib.